Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadının şikayəti əsasında məhkəmə başlayıb


Sosial 09 Noy 2017 11:05:52 258 0

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadının şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib

Bakı Apellyasiya Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib.

Qeyd edək ki, T.Abdullayeva ötən il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.

T.Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb. Belə ki, B.Abdullayev şikayətində bildirib ki, arvadı T.Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum, onun müdafiəçiləri Vasif İsrafilov, Janna Bağırova və zərərçəkmiş B.Abdullayevin nümayəndəsi Ceyhun Yusifovun apellyasiya şikayətləri verib.