Pakistanın xarici işlər naziri Azərbaycana səfər edəcək


Siyasət 09 Noy 2017 01:10:33 263 0

Pakistanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Xavaca Məhəmməd Asif: "Pakistan Qarabağ münaqişəsinə öz məsələsi kimi baxır"

Azərbaycann Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin xarici işlər naziri Xavaca Məhəmməd Asiflə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfir görüş zamanı Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu, Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edib.

Əli Əlizadə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, yeni layihələrin icra olunduğunu, beynəlxalq ve regional məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndiyini və yeni müstəviyə keçdiyini vurğulayıb. Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin 1-ci görüşünün üçtərəfli əməkdaşlığa yeni töhfə verəcəyini bildirən səfir, hər üç ölkənin strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb.

Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif Azərbaycana səfər etməyi planlaşdırdığını diqqətə çatdırıb. Azərbaycan-Pakistan əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın və Azərbaycanın daim bir birinə göstərdiyi dəstəyin önəmini qeyd edən nazir Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə Pakistanın öz məsələsi kimi baxdığını bildirib.