Nərminə Ağası: Bollivud həyatın parlaq rəngləri və xoşbəxt sonluqdur (FOTO)


Digərləri 08 Noy 2017 19:42:34 283 0

Nərminə Ağası: Bollivud həyatın parlaq rəngləri və xoşbəxt sonluqdur (FOTO)

Biz hamımız hind kinematoqrafiyası ilə çox yaxşı tanışıq, bu filmləri sovet dövrünün hər bir uşağı erkən yaşlarından bilir.

Bakı. Vüqar İmanov - Biz hamımız hind kinematoqrafiyası ilə çox yaxşı tanışıq, bu filmləri sovet dövrünün hər bir uşağı erkən yaşlarından bilir. Bunu Trend-ə “Bollywood Night” gecəsinin aparıcısı Nərminə Ağası deyib. O bildirib: “Uşaqlığım "Dostluq" kinoteatrının həyətində keçib. Biz bütün həyətlə yığışardıq, "Zita və Qita", "Bobbi", “Ram və Şam”, "Qisas və qanun" və digər sevimli filmlərə baxmaq üçün gündə iki dəfə kinoteatra qaçırdıq. Filmdən sonra Rişi Kapurun və Bollivudun digər ulduzlarının təsviri olduğu çəhrayı-qara boyalı bir neçə fotoşəkil almaq, onları yastıq altında ehmalla saxlamaq, baxılan filmlərdən mahnılar oxumaq mütləq borc hesab edilirdi. İstisnasız həmin dövrün bütün qızları və mən Bobbiyə aşiq olmuşduq, onun sevdiyı qız ilə dəri kurtkada motosikletdə rayder səfəri, qızın onu arxadan bərk-bərk qucaqlaması ən güclü səhnə hesab olunurdu. Və biz onun yerində olmaq istəyirdik. Hamıya məlumdur ki, digər ölkələrin kinematoqrafında mahnı və rəqslərlə birlikdə bu qədər rəng, boya zənginliyini tapmaq mümkün deyil. Bəlkə məhz buna görə öz yubiley ad günümü “Bombay Dreams” üslubunda qeyd etdim, ad günüm “Namaste” sözləri ilə hamının üzərinə qızılgül ləçəkləri səpdiyim Xəzər dənizinin sahilində həmin rəngarəng gecəni mənimlə bölüşən bütün dostlarımın yaddaşında indiyədək qalıb. Mənim Hindistana həyatım boyu davam edən xüsusi marağım var Bu yaxınlarda Qoaya getdim, orada da, Panacidən və ən iri ayurveda mərkəzindən də böyük reportajlar hazırladım. Lakin mənim üçün ən yaddaqalan reportaj “Ədviyyat plantasiyaları”ndan hazırlanmış reportaj oldu, orada özümü bir anlıq hind kinosundan ən sevimli aktrisam Ayşvariya Rayinin “Ədviyyatlar” filmindəki rolunda hiss etdim. Bir sözlə Bollivud həyatın parlaq rənglərini və əlbəttə ki, xoşbəxt sonluğu sevən hər kəsin zəif yeridir! Əminəm ki, qarşıdakı “Bollywood Night” şousu da sevimli Bakı tamaşaçılarımız arasında böyük uğur qazanacaq”. Xatırladaq ki, noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunmuş möhtəşəm “Bollywood Night” bayramı keçiriləcək. Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə “Bollywood Night” Hindistanın Azərbaycandakı Assosiasiyasının (prezident – Sobi T. Abraham) dəstəyi ilə “Full House Entertainment” (rəhbər – Dia Soun Kxe) tərəfindən təşkil edilib. Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Konsert proqramında müğənnilər Ceyhun Bakinski, Fərid Həsənov, Kamran Həsənli, Könül Kərimova və gənc ifaçı Nuray iştirak edəcəklər. Gecənin aparıcıları Nərminə Ağası və Samir Bayramlıdır. Azərbaycanın bütün artistləri Hindistanın milli geyimlərində çıxış edəcəklər və bu əfsanəvi ölkənin məşhur kompozisiyalarını təqdim edəcəklər. Çıxış “Super rəqqas” qrupunun parlaq şou və rəqsləri ilə müşayiət olunacaq. Hind rəqslərinin və dəfilənin quruluşçu rəssamı Etibar Quliyevdir. Gecədə iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show” təqdim olunacaq. “Hind Madonnası” və “Hindistanın pop-musiqisinin kraliçası” adlandırılan hind estradasının ulduzu Alişa Çinayın çıxışı gecənin kulminasiyası olacaq. Məşhur hind filmlərində hamı ərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək. Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng “Food & Shopping Festival” bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür. Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, “28 Mall”, “Gənclik Mall”, “ASAN Xidmət” mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir. Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295.