Prezident İlham Əliyev: "Azərbaycanın dünyadakı rolu, gücü artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır"


Siyasət 08 Noy 2017 17:41:00 440 0

Prezident İlham Əliyev: "Azərbaycanın dünyadakı rolu, gücü artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır"

"Azərbaycanın dünyadakı rolu, gücü artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır: "Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır. 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün Cənubi Qafqaz, Cənub Qaz Dəhlizi layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni, o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi".

Dövlət başçısı qeyd edib ki, hazırda Bakıda ən müasir qazma qurğuları, platformalar inşa edilir: "Şahdəniz-2" üçün bütün tikinti işləri Azərbaycanda icra edilmişdir. Azərbaycanın minlərlə, bəlkə də on minlərlə vətəndaşı bu işlərə cəlb edilmişdir. Dünyanın ən böyük neft-qaz terminalı - Səngəçal terminalı da bizim böyük sərvətimizdir. Neft əməliyyatlarının aparılması üçün bizim gəmiqayırma zavodumuzda istənilən növ gəmilər istehsal olunur. Onlardan biri, - bu nəhəng gəmiyə "Xankəndi" adını vermişik, - bu yaxınlarda istifadəyə verildi.

Bir sözlə, bu gün "Əsrin kontraktı"nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var".