Nazirlik: "Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək"


Digərləri 08 Noy 2017 15:47:00 276 0

Nazirlik: "Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək"

2017-ci il yanvarın 1-dən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib, bununla əlaqədar Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib.

Son.az Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərovun bu məsələ ilə bağlı müsahibəni təqdim edir:

- Ömər müəllim, Qanunun qüvvəyə minməsindən ötən müddət ərzində tətbiqi və əldə edilən nəticələri barədə vəziyyəti ümumi şəkildə necə qiymətləndirmək olar?

- Bu gün nağdsız iqtisadiyyat dünya ölkələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir. Əksər ölkələrdə nağd ödənişlərin məhdudlaşdırılmasına dair qanunlar qəbul edilib. Almaniya, İtaliya, Fransa, İspaniya, Çexiya, Slovakiya, Belçika, İsveçrə və digər Avropa dövlətlərinin qanunvericiliyində nağd ödənişlərin məhdudlaşdırılmasına və qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə sərt tədbirlər nəzərdə tutulub. Bu baxımdan, Azərbaycanda da məhdudlaşdırmaların tətbiqi dünya praktikasına tamamilə uyğundur və "Nağdsız hesablaşmalar haqqında" Qanunun qəbul edilməsi bundan irəli gəlir. Qanunun qəbul olunması və tətbiqində əsas məqsəd Azərbaycan ərazisində nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatlar və hesablaşmalarda şəffaflığı təmin etmək, vergiyə cəlb olunan dövriyyənin vergi hesabatlarında dəqiq əks etdirilməsinə nail olmaq, vergidən yayınma hallarının qarşısını almaqdır. Qanunun icrasının təmin olunması ödənişlərə dövlət nəzarətinin həyata keçirilməsi, dövlət büdcəsinə ödənilən vəsaitlərin həcminin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

- "Nağdsız hesablaşmalar haqqında" Qanunun vergi məqsədləri üçün əhəmiyyəti nədədir?

- Qanunun nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı müddəası ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 mindən artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minib. Sənədə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan ödəyicilər tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə aparılan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

- Qanunun tətbiqi ilə bağlı qiymətləndirmələrin nəticəsi necə olub?

- 2017-ci ilin ötən 9 ayı ərzində apardığımız qiymətləndirmələr onu göstərir ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi, eyni zamanda Vergi Məcəlləsində edilmiş müvafiq əlavə və dəyişikliklər nağdsız iqtisadiyyata keçidə öz mühüm töhfəsini göstərir. Qanunun icrası ölkədə nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, likvidliyinin təmin edilməsinə, pul dövriyyəsinin tənzimlənməsinə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin olunmasına, əmək haqlarının və digər ödənişlərin leqallaşmasına, nəticədə ölkənin beynəlxalq reytinqinin daha da yüksəldilməsinə şərait yaradıb.

- Cari ilin ortalarında nağdsız hesablaşmaların daha da genişləndirilməsi məqsədilə bəzi qanun layihələrinə əlavə və dəyişikliklər də qəbul olundu.

- Azərbaycan Respublikası Prezidentinin 17 may 2017-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanuna əsasən Vergi Məcəlləsində də müvafiq dəyişikliklər edilib, bəzi anlayışlara aydınlıq gətirilib. Həmin Qanunun tələblərinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi ilə bağlı Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi yeni redaksiyada verilmiş və maliyyə sanksiyaları tətbiq edilən subyektlərin dairəsi konkretləşdirilib. Qanunun 3.4-cü maddəsinə əsasən, vergilərin, gömrük rüsumlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının, faizlərin, sığorta ödənişlərinin, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqqlarının (o cümlədən: işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım və müavinətlərin (o cümlədən birdəfəlik müavinətlər), kompensasiya və təzminatların, stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsinin, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılmasının, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin (xərclənməsi), təhsil haqlarının ödənilməsinin, turizm agentlərinə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub. Göründüyü kimi, qanunun əhatə dairəsi kifayət qədər genişləndirilib. Bu səbəbdən, vergi ödəyicilərinin qanunvericiliyin tələblərinə düzgün əməl etməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən sığorta, lizinq, təhsil müəssisələri və tur-agentlərin siyahısı müəyyən edilərək onlara izahlı bildirişlər göndərilib, görüşlər keçirilərək qanunun tələbləri həmin vergi ödəyicilərinə izah edilib. Təbii ki, Vergilər Nazirliyi təkcə maarifləndirmə və məlumatlandırma işi ilə kifayətlənmir, eyni zamanda həmin vergi ödəyicilərində ödənişləri nağdsız qaydada qəbul etmək üçün müvafiq infrastrukturun yaradılması işində zəruri dəstək göstərir, olmadığı təqdirdə bank hesablarının açılması, POS-terminalların və digər ödəniş vasitələrinin quraşdırılması üçün onlara lazımi köməklik göstərir.

- Qanunun tələblərinin pozulması hallarına daha çox hansı sahələrdə rast gəlinir?

- Vergilər Nazirliyi tərəfindən aparılan məlumatlandırma-təşviqat tədbirlərinə və yaradılmış bütün imkanlara baxmayaraq, bəzi sahibkarlar qanunun tələblərinə riayət etmək istəmir. Bu sahədə qanun pozuntularına daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət obyektlərində rast gəlinir, bəzi sahibkarlar nağdsız hesablaşmalara keçmək istəmirlər. Vergilər Nazirliyinin məqsədi vergi ödəyicilərinə cərimə tətbiq etmək deyil, hər bir ödəyicinin qanuna riayət etməsində, vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsində mövcud qanunvericiliyə uyğun olaraq, bütün tədbirləri həyata keçirməkdir. Amma qanun hamı üçün bərabərdir və onun tələblərinə riayət etməyən hər kəs cəzasını almalıdır.

- Nağdsız ödəmə avadanlıqları olan POS-terminalların tətbiqinin genişləndirilməsi ilə bağlı hansı işlər aparılır?

- "Nağdsız hesablaşmalar haqqında" Qanuna əsasən, bir sıra dövlət orqanları, biznes qurumları və təşkilatlar qarşısında müvafiq tapşırıqların yerinə yetirilməsinə dair tələblər müəyyən edilib, öz fəaliyyətlərini qanunun tələblərindən irəli gələn məsələlərə uyğunlaşdırmaq əsas şərt kimi qarşıya qoyulub. Bu istiqamətdə bankların da üzərinə mühüm vəzifə düşür və onlar öz fəaliyyətlərini qanunun tətbiqindən irəli gələn məsələlərin həlli istiqamətində qurmağa çalışırlar. Nağdsız dövriyyənin artırılması üçün güclü infrastrukturun yaradılması əsas şərtlərdəndir. Vergilər Nazirliyi Mərkəzi Bank və kommersiya bankları ilə birlikdə ölkənin ticarət və xidmət sektorunda ödəmələrin nağdsız qaydada aparılması üçün zəruri infrastrukturun qurulması istiqamətində 2014-cü ilin fevral ayından başlayaraq ciddi tədbirlər həyata keçirir. Bu sahədə son illər xeyli mühüm dəyişikliklərə nail olunub, POS-terminalların quraşdırılmasında əhəmiyyətli nəticələr əldə olunub. 2010-cu ilin sonunda Azərbaycanda fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət obyektlərində cəmi 6978 POS-terminal mövcud idisə, 2016-cı ilin dekabr ayında bu rəqəm 10 dəfədən çox artaraq 70.913 ədəd təşkil edib. Dövriyyədə olan kartların sayı da əhəmiyyətli dərəcədə artaraq 5,3 milyonu ötüb. Yəni indi ölkəmizdə kart bazarında geniş rəqabət üçün hər cür şərait vardır. Hal-hazırda respublika üzrə 68816 aktiv POS-terminal var. Bunlardan 41141-i Bakı şəhərinin, 27675-i regionların payına düşür. Hazırda banklar tərəfindən POS-terminalların infrastrukturunda da müvafiq texniki işlər aparılır və təmassız kartların qəbulu üçün yeni imkanlar yaradılır. Bir neçə bank POS-terminallarla bağlı xüsusi korporativ kartların emissiyasına start verib. Bu, ticarət obyektinin sahibinin öz bankına müraciət etmək ehtiyacını aradan qaldırır, ona POS-terminal vasitəsilə aparılmış bütün əməliyyatlar üzrə vəsaiti birbaşa öz kartından əldə etməyə imkan yaradır, ticarət obyektinin işini daha da asanlaşdırır.