Bakıda təcili yardım həkimini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


Sosial 08 Noy 2017 14:27:46 274 0

Bakıda təcili yardım həkimini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Məhkəmə baxışı noyabrın 15-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təcili Tibbi Yardım Stansiyasının həkimini bıçaqlamaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Avaz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında baş verib.

Belə ki, A.Hüseynovun həyat yoldaşı həmin stansiyada xəstə baxıcısı işləyib. Hadisə baş verən günü A.Hüseynov həmin təcili yardım stansiyasına zəng edib və həyat yoldaşı ilə danışmaq istəyib. 

Telefona cavab verən stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Əflatun Yusifov ondan xətti məşğul etməməyi tələb edib. Buna əsəbləşən A.Hüseynov stansiyaya gəlib və Ə.Yusifovu ürək nahiyyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıq) maddəsi ilə ittiham irəli sürülüb.