Rusiyanı heyrətləndirən Ruslanın atası: "2 yaşından hecaları oxuyur" FOTO


Kriminal 08 Noy 2017 14:16:00 315 0

Rusiyanı heyrətləndirən Ruslanın atası: "2 yaşından hecaları oxuyur"  FOTO

"Riyaziyyat mənim üçün çətin deyil, əksinə, riyazi məsələləri həll etmək asan gəlir. Hər gün riyaziyyatla məşğul oluram, bilmədiklərimi öyrənirəm. Riyazi tapşırıqların mahiyyətini dərk etmək çox asandır. Eyni zamanda informatika da maraqlıdır, onu da sevirəm. Şahmat da oynayıram, atam öyrədib" - bu sözlərin sahibi Qusar rayonunda yaşayan 6 yaşlı Ruslan Səfərovdur.

Riyaziyyatı sevən, gələcəkdə proqramçı olmaq istəyən bu balacanın, necə deyərlər, dilinə görə, dilçəyi də var. Arzu-istəklərinə uyğun hələ 6 yaşında bacarıq da ortaya qoyub. Səsi isə doğulduğu rayon, ölkə səviyyəsində deyil, qonşu ölkələrdən də gəlir. O, "Rusiya 1" kanalının "İnanılmaz insanlar" layihəsində öz bacarığı ilə nəinki həmvətənlərimizi, bütün Rusiyanı heyran qoydu. Qatıldığı layihədə münsiflər heyətini və tamaşaçıları riyazi bilikləri ilə təəccübləndirən R.Səfərov özünü "kalkulyator adam" adlandırır. Münsiflərin ona tapşırdığı kökaltı ifadələr, faiz göstəriciləri və alqoritm tipli bütün məsələləri həqiqətən də, hesablayıcı kimi verilişdə heç bir səhvə yol vermədən həll etdi.

"Fiziki cəhətdən Ruslan öz yaşıdları kimi normal inkişaf edib"

Yarışdan sonra Ruslan, onun nümayiş etdirdiyi istedadı diqqət mərkəzinə gəldi, mətbuatda yazılar getdi, sosial şəbəkələrdə müzakirə olundu. Çox adam bu uşağı qeyri-adi adam adlandırdı. 

Son.az xəbər veirr ki, Coğrafiya müəllimi olan atası Fuad Səfərov kaspi.az-a söhbətində bildirdi ki, istedad olması düzdür, amma bunu inanılmaz bacarıq adlandırmaq düzgün deyil: "Jurnalda oxumuşdum ki, uşağın tərbiyəsi və tədrisi ilə iki aylığından məşğul olmaq lazımdır. Biz də bu cür yanaşmanı tətbiq edərək evdə bütün əşyaların üzərinə onların adlarının baş hərfini yazmışdıq. İməklədikcə, istər-istəməz, rast gəldiyi hərfləri yadında saxlayırdı. Düzdür, gəzə bilmirdi, amma 6 aylığında bu üsulla artıq bütün hərfləri tanıyırdı. 2 yaşında artıq hecaları oxuyur, çap hərfləri yazmağı bacarırdı. Əvvəl yalnız saitləri, sonra da bütün hərfləri, hecaları öyrəndi. 3 yaşında söylədiyimiz hər bir sözü yazmağa başladı. Fiziki cəhətdən Ruslan öz yaşıdları kimi normal inkişaf edib. Deməzdim ki, vaxtından əvvəl ayaq açıb. Hətta öz fikrini çatdırmaqda bir az çətinlik çəkirdi. Zamanla o təkmilləşdi, daha sonra çətin misalların həllinə başladı. Onun ən böyük üstünlüyü hesablamanı çox sürətlə və dəqiq aparmasıdır. Düşünürəm ki, inanılmaz bacarıqlar olmur, hər bir bacarığın əsasında - uşağın bacarığından asılı olmayaraq - hər gün yerinə yetirilməli olan böyük bir iş durur".

"İstedadı üzə çıxarmaq, inkişaf etdirmək lazımdır"

F.Səfərovun sözlərinə görə, uşaqda anadangəlmə olan istedadı üzə çıxarmaq, inkişaf etdirmək lazımdır, bu isə valideynin üzərinə düşür: "Hər bir uşağın zehni inkişafında valideynlərin rolu əvəzsizdir. Əlbəttə, uşağın anadangəlmə istedadı ola bilər. Valideynin əsas rolu həmin istedadı inkişaf etdirmək, uşağın maraq göstərdiyi sahədə inkişafı üçün yeni imkanlar yaratmaqdır. Uşağın bütün suallarını cavablandırmaq mütləqdir. Zamanın məhdudiyyətinə, işinizin çoxluğuna, iş qrafikinizin sıx və gərgin olmasına baxmayaraq, uşağınıza hər gün vaxt ayırmalısınız. Uşağı yalnız yedirib-yatırtmaq üçün sərf olunan vaxtı nəzərdə tutmuram".

"Hər ay Ruslan ilə "milyonçu" oyununu keçirirəm"

Ruslanın atası bildirdi ki, çətinə qaçmağa ehtiyac yoxdur, uşaqları öyrətmə metodunun da rahat üsulları var: "Məsələn, hər gün uşağınıza ingilis dilində təkcə bir yeni söz öyrətsəniz, ilin sonunda bu mütəmadi işinizin nəticəsi 365 sözün öyrənilməsinə gəlib çıxacaq. Sizcə, 3-4 ilə uşağı yormadan, öz qiymətli vaxtınızı sərf etmədən xarici dilə yiyələnmək olmazmı? Bu yalnız dilin öyrənilməsində yox, hər bir fənnə erkən yiyələnmək üçün çox yararlı və rahat üsuldur. Uşağın inkişafı ilə bərabər özünüzün də biliklərinizin təzələnməsi və savadınızın artması zəmanətlidir.


Xəbərə aid fotolar