Sosial işçi: “Elə qoca var ki, aylarla dilinə ət dəymir” - REPORTAJ - VİDEO


Digərləri 08 Noy 2017 13:46:14 178 0

Sosial işçi: “Elə qoca var ki, aylarla dilinə ət dəymir” - REPORTAJ - VİDEO

“Baxdığım qocalar öləndə özümə gələ bilmirəm”

Sosial işçi – ixtisasın adı o qədər quru səslənir ki... Ona görə də gedəcəyim yerdə qarşılaşacağım insanların bu qədər sevgi dolu, mehriban, işlərini sevən olduqlarını təsəvvür etməmişdim. Ümumiyyətlə, insanlara sosial dəstək vermək çox çətin, ağır işdir.  Yazımın qəhrəmanı olan hər iki sosial işçi isə 10-15 kimsəsiz qocanın ümid yeri, hətta doğma, qohum, dost əvəzidirlər.

Beləliklə, “Report”un əməkdaşlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şöbəsinin Sosial xidmət sektorunun iki sosial işçisinin iş prosesi ilə bağlı hazırladığı reportajı təqdim edirik.

Ən yaşlı tənha qocanın yaşı 90, ən cavan əlilin isə 40 yaşı var

Sektorun müdiri Vaqif Əliyev bildirdi ki, burada 27 işçi var: “Onlar 278 qocaya xidmət göstərirlər. Xidmətin əsasını 70 yaşdan yuxarı tənha, kimsəsiz, 70-dən aşağı əlilliyi olub, tək-tənha yaşayan insanlara sosial yardım göstərmək işini təşkil edir. Sektorda xidmət göstərən ən yaşlı tənha qocanın yaşı 90, ən cavan əlilin isə 40 yaşı var”.

“Qocalar, əlillər, hətta uşaq evi və internat məktəblərini çox adam tanıyır, ora həddən artıq yardımlar edilir. Amma bu adamlar diqqətdən kənarda qalıblar, bəlkə də səbəbi camaatın onlardan xəbərsiz olmasındadır. Kimsə maddi-mənəvi kömək etmək istəsə, ünvanları verə bilərik, özləri gedib qocalara baş çəkə bilərlər, əsas odur bu tənha qocaların ürəkləri açılsın” – bunu sosial işçi Almaz Qəribova deyir.

10 nəvəsi, 3 nəticəsi var...

Öncə 82 yaşlı Cabbar Cabbarovun evinə baş çəkdik. Ona xidmət edən sosial işçi Almaz Qəribova iş başında idi. Evin təmizlik işini görüb, xidmət göstərdiyi şəxsə lazım olan ərzaqları alıb gətirmiş, indi çay hazırlayırdı...

C.Cabbarov 54 il təhsil sahəsində işləyib, Zəngilan rayonundan məcburi köçkün düşüb. Zəngilanda məktəb direktoru, dərs hissə müdiri, müəllim işləyib, Bakıya köçdükdən sonra burada peşəsini davam etdirib, müəllimlərin pensiyaya çıxmaq üçün yaş məhdudiyyəti qoyulandan sonra isə təqaüdə çıxıb və öz sözləri ilə desək qocalığını yaşayır.

Müsahibim ailəli olub, hazırda qızları ailəlidir, onların evləri ucqar rayonlarda oldğundan C.Cabbarov Bakıda tək yaşayır. C.Cabbarovun 10 nəvəsi, 3 nəticəsi var: “Hər yay gəlib maşınla aparırlar məni, gedib 15-20 gün qalıram balalarımın yanında”.

Gözləri yaxşı görmədiyindən daha qəzet oxumur, xəbərləri ancaq televizor vasitəsilə izləyir. Qonşularından da razıdır, həyətləri ümumi olduğu üçün, arada çıxıb bir yerdə otururlar, dərdləşirlər, lazım olanda bir-birlərinin işlərinə yarıyırlar. “Arzunuz nədir?” sualına isə “pensiyaları artırsınlar, bu yaşımda başqa nə arzum ola bilər ki!?” cavabını verdi.

“15 qocaya baxıram”

Beş ildir tənha qocalara baxan Almaz Qəribovanın sözlərinə görə, işləri saat 08:30 da başlayır, 17:00-da bitir, 09:30-dan etibarən isə qocaların evlərinə, yaxud onların sifarişlərini yerinə yetirməyə gedirlər. Müsahibim deyir ki, işi çox çətindir: “Mən 15 qocaya baxıram. Elə qocalar var ki, onlarla dil tapmaq çətin olur. İçərilərində bizi başa düşənlər də, düşməyənlər də va. Axı qqocaların kaprizləri çox olur. Biz onlarla yola getməyə məcburuq. Eləsi var tez-tez çağırır, eləsi var çox əziyyət vermək istəmir bizə, işlərini planlaşdıran vaxta uyğun qururlar”.

Sosial işçilər xidmət göstərdiyi şəxslərin bazarlıqlarını edir, dərmanlarını alır (alınanların pulunu qocalar özləri ödəyir), evlərini təmizləyir, lazım olsa yeməklərini hazırlayır, hətta ilk tibbi yardım göstərir, Təcili Tibbi Yardım çağırır, vəziyyətləri lap ağır olanda övladları, doğmaları varsa onlara xəbər edirlər. Ən çox çətinlik isə rus qocalarla bağlıdır. “Rusların övladları soyuqqanlı olur, heç axtarmırlar” - deyir müsahibim...

Almaz xanım beş il ərzində xidmət göstərdiyi qocalardan heç birinin doğmasını, övladını görməyib və tanımır: “Lap ağır vəziyyətdə olan şəxslər də var. İşçilərlə köməkləşib onlara baxırıq, elələri var ki, əlildir, gözləri görmür, onları açıq havaya çıxarırıq. Hətta bəzi qocalar var, gedəndə deyir ki, “iş görmə, istəmirəm, gəl otur yanımda, söhbət edək”. Keçmişlərini danışmaq xoşlarına gəlir”.

“Əvvəlki illər Qurban bayramında yardım edənlər olurdu”

Qocalar da, sosial işçilər də insanların laqeydliyindən şikayətlənirlər, deyirlər əvvəllər kömək etmək, baş çəkmək üçün müraciət edənlər olurdu, bu il isə tənha qocaları yada salan tapılmadı. A.Qəribovanın sözlərinə görə, elə qoca var ki, aylarla dilinə ət dəymir. Halbuki, onların yardıma çox ehtiyacı var: “Əvvəlki illər Qurban bayramında yardım edənlər olurdu, şəxsən vətəndaşların özləri gəlib qocalara baş çəkib, qurban əti verirdi, bu il isə baş çəkənlər olmadı”.

Növbəti dayanacağımız dünyada bircə nəfər belə doğması olmayan, tənha qoca - 89 yaşlı Minə Balamirzəyevadır. Bakıda doğulub, fabriklərdən birində 48 il işləyib. “Necəsiz?” sualına “Hərdən yaxşıyam, hərdən pis” – cavabını verir.

Ona xidmət edən sosial işçi Sevil Məmmədovadan isə çox razıdır, dediyinə görə hər səhər çörəyini alıb gətirir, hər gün 3-4 dəfə baş çəkir, evini yığışdırır, paltarlarını da o alır və s. işlər görür.

“Hər gün savab iş gördüyümü düşünürəm, bu mənə rahatlıq verir”

25 ildir ki sosial xidmət sektorunda işləyən Sevil Məmmədova deyir ki, qocalara ancaq qayğı lazımdır: “Bu işin digər işlərdən fərqi odur ki, vicdanım rahat olur, hər gün savab iş gördüyümü düşünürəm, bu mənə rahatlıq verir. Qocalara çox öyrəşirəm, sonra onlar öləndə elə bir yaxınımı, əzizimi itirirəm, çox pis oluram, özümə gələ bilmirəm, hər evlərinin qarşısından keçəndə yadıma düşürlər”.

FOTO/VİDEO: Elşən Baba