Əməkdar artistin oğlu illər sonra danışdı: "Uşaq idim, ağlayırdım, yalvarırdım ki, anamı döymə" FOTO


Kriminal 07 Noy 2017 21:07:00 455 0

Əməkdar artistin oğlu illər sonra danışdı: "Uşaq idim, ağlayırdım, yalvarırdım ki, anamı döymə"  FOTO

Əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrın aparıcı aktrisası Gülnar Salmanovanın oğlu Elçin Salmanovun Son.az-a müsahibəsi.

- Elçin bəy, Gülnar xanımın ölümündən artıq 2 il keçdi. Ananızın yoxluğunu daha çox hansı hallarda hiss edirsiniz?

- Anamın hər zaman evdə yeri görünür. Mən hələ də inanmıram ki, o həyatda yoxdur. Elə bilirəm ki, işə gedib, nə vaxtsa qayıdıb gələcək. Onun yoxluğu ilə hələ də barışa bilmirəm. Anam mənim arxam, dayağım, bir sözlə hər şeyim idi. Nə qədər acı da olsa hiss edirəm ki, anam, arxam yoxdur. O, mənə həm ana, həm də ata olub. Biz ana-baladan başqa həm də çox yaxın dost idik. Bütün dərdimi-sirrimi onunla bölüşürdüm.

- Tək böyütmüşdü sizi?

- Bəli, mən evin yeganə övladı olmuşam. Bacım-qardaşım olmayıb. Onun məndən, mənim də ondan başqa heç kimim yox idi.

- Biz onu aktrisa kimi səhnədən tanıyırdıq. Bəs evdə necə biri idi?

- Çox səmimi, gözəl bir insan idi. O, məni çox gözəl tərbiyə edib, təhsil verib. Nə qədər mülayim idisə, bir o qədər də zəhmliliyi var idi. "Montin" kimi bir yerdə uşaq böyütmək elə də asan deyildi. O, mənim gələcəyimi özüm də bilmədən qurmuşdu. Dərslərimlə də məşğul olurdu, məktəbdə valideynlər iclasına da gedirdi. Mənə qətiyyən çətinliyi hiss etdirməyib. Gözündən bir anda olsa uzağa qoymayıb məni. Məktəbdən götürüb teatra gətirirdi məni. O, tək qadın olaraq valideyn borcundan çıxmağı bacarmışdı.

- Məktəbdə bilirdilər ki, məşhur aktrisanın oğlusunuz?

- Əlbəttə bilirdilər. Hətta anamla küçədə gəzəndə ona "Feliçita" deyə müraciət edirdilər. Anamın adından heç vaxt istifadə etməmişəm. Hamı necə, mən də elə.

- Ananızla uşaq olarkən teatra da getdiyinizi bildirdiniz. Xatirələrinizdə teatrla bağlı nələr qalıb?

- Demək olar ki, mən uşaqlıqdan teatrda böyümüşəm. Hər dəfə səhnənin qabağındakı oturacaqda oturub tamaşalarına baxırdım. Elə tamaşası yox idi ki, mən ona baxmayım. Anam teatrda çox korifey sənətkarlarla tərəf müqabili olub. "O olmasın, bu olsun" tamaşasında anam aktyor Atabala Səfərovla tərəf müqabili idi. Orada belə bir səhnə var ki, Atabala müəllim çubuqla anamın arxasınca düşür, onu vurur. Uşaq idim, səhnədə baş verənləri gerçək hesab etdim. Qışqıraraq ağladım ki, anamı vurma (gülür).

- Gülnar xanımın sənət yoldaşlarıyla münasibəti necə idi?

- Anam hamıyla çox mehriban idi. Elə bir insan yox idi ki, onun xətrini istəməsin. Böyüklə-böyük, kiçiklə-kiçik idi. Onun ağayana, ağır təbiətli xasiyyəti var idi. Heç kimin arxasınca danışmazdı, sözü düz o insanın üzünə deyərdi.

- Hansı xasiyyəti sizə keçib?

- Demək olar ki, bütün xasiyyəti. Çünki anam da şir bürcü idi, mən də şir bürcüyəm. Şir bürcü dostluğu, mərdliyi xoşlayır.

- Təbii ki, bir qadın üçün tək övlad böyütmək elə də asan deyildi. Hansı çətinliyi sizə hiss etdirib?

- O, heç bir çətinliyi mənə hiss etdirməyib. Bəlkə də ürəyində çəkib, çünki tək qadın idi. Amma elə bir şey olmadı ki, mən əlimi qoyum ki, bundan istəyirəm, o desin ki yox, olmaz!

- Xəstəliyini əvvəllər hiss etmişdiniz?

- 21 il idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. 2012-ci ildə isə böyrəkləri fəaliyyətini dayandırdı. Həkimlə danışanda isə sol döşündə xərçəngin olduğunu dedi mənə. Təsəvvür etməzsiniz ki, bu bəd xəbərləri eşitmək mənə necə pis təsir etdi. Böyrək köçürmə əməliyyatını fikirləşirdik, amma şəkər xəstəsi olduğu üçün bu əməliyyatı etdirə bilməzdik. Hətta donor da tapmışdım. Onun özünə bu xəstəliklərə tutulduğunu deməmişdik. Ona görə həmişə sağalacağına ümüd edirdi.

- Yəqin ki, teatrda və həyatda çəkdiyi o çətinliklər, əzab-əziyyətli günlər idi ki, illər sonra bu xəstəliklərlə biruzə verdi.

- Əlbəttə. Onun oynadığı rollar da çox çətin idi. O, bütün rollarında hiss-həyəcanlarını ortalığa qoyurdu. Elə bir tamaşası yox idi ki, yola versin. O, xəstə olanda mən də işimlə bağlı bir az ondan uzaqda oldum. Yenə də mənə əziyyət vermək istəmirdi.