"Babəkə görə neçə elçiyə "yox" demişdim" "Aprel şəhidi"nin sevdiyi xanım FOTO


Digərləri 07 Noy 2017 18:42:00 301 0

"Babəkə görə neçə elçiyə "yox" demişdim"  "Aprel şəhidi"nin sevdiyi xanım  FOTO

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Son.az xəbər verir ki, modern.az saytı "Aprel şəhidləri"nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olmuş Babək Abidovun istəklisi olmuş xanımdır.

Qısa arayış: Babək Vəfadar oğlu Abidov 3 may 1992-ci ildə Şabran rayonunda anadan olub.

Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında baş vermiş şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salınıb. O, ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Baş tutmayan elçilik

Babək Abidovun sevdiyi xanımla söhbət o qədər də asan deyildi. Leyli xanım öncə atasının razılıq vermədiyi evliliyə, sonradan Allahın da icazə vermədiyini təəssüflə qeyd edib.

"Babəklə bir-birimizi sevməyimizin 4-cü ili tamam olacaqdı. Amma bizim sevgimizə atam heç cür razılıq vermirdi. Babəkin hərbçi olmağı atamın ürəyincə deyildi. O da bunu bilirdi. Babəkin ailəsi bizə elçi gələndə atam onun ordudan tərxis olunmasını rica etmişdi. Babəkin ordudan birdəfəlik tərxis olunub qayıdacağı gün bizim nişanlanmağımıza icazə verəcəyini demişdi. Atam Babəkin orduda olmasından çox qorxurdu. Babək də söz vermişdi ki, 5 illik müqaviləsi bitən kimi ordudan ayrılıb aramıza dönəcək. Biz də uzun mücadilədən sonra atamı yola gətirdik. Elə oldu ki, bizim elçiliyimizin "hə" mərasimi başqa səbəbdən təxirə salındı. Babəkin ana nənəsi rəhmətə getmişdi. Nənəsinin 40-ı çıxan kimi elçilik olmalı idi. Yenə elə alındı ki, müharibə mövzusu ortaya atıldı. Aprel hadisələri ərəfəsində Babək mənə zəng edib dedi ki, "ay Leyli, bu elçilik məsələsi hələ qalsın. Biz o tərəflərə getməliyik". Hətta mənimlə halallaşaraq, "mənə bir şey olsa, qorxma" dedi. Babək çox ağır döyüşlərdə olub. Heç vaxt bu cür ümidsiz olmamışdım. 2016-cı ilin 27-si martında mənimlə halallaşdı. Amma heç getmək istəmirdi. Elə hey baxırdı. Soruşdum "Babək niyə getmirsən?". "İçimdə nəsə bir qorxu var" cavabını verdi. Mən də narahat olmamasını, tezliklə qayıdacağını söylədim. Sonuncu gedişi zamanı çox ümidsiz idi. Hətta mənə söylədi ki, "mənə bir şey olsa, telefonu arxadakı uşaqlara verəcəm". Çünki telefonunun koduna mənim adımın baş hərfi və doğum tariximin ilini yazmışdı. Sonradan döyüş yoldaşı danışırdı ki, Babək ona nəsə olacağı təqdirdə həmin kodla telefona cavab vermələrini rica edib".

"Siyahıda başqa Babək adını görəndə sevindim"

Şəhidimizin sevdiyi xanım "təki Babək şikəst gələydi, ama həyatda qalaydı" arzusunu dilə gətirib.

"Babək şəhid olanda ata-anası ilə dalaşdım ki, niyə tabutu açıb baxmadız?! Bəlkə heç Babək deyildi. Babəkin cənazəsi gətiriləndən 2 saat sonra rayona getdim. Gördüm ki, hər yerə qərənfillər düzüblər, hər tərəf qaraya bürünüb. Həmin vaxt özüm də hiss etmədən qəbri qazmışam. Bibisi də torpaqdan bir ovuc götürüb kürəyimə töküb ki, özümə gəlim. Danışdıqca, o günlər yadıma düşür. 2016-cı ilin 31 martından 3 aprelinə qədər gözümə yuxu getmədi. Nə yemək yeyir, nə də su içirdim. Hər namaz vaxtı üzü qibləyə dayanıb Allaha yalvarırdım ki, heç olmasa Babək üstümə şikəst gəlsin, ya qolunu, ya da ayağını itirsin. Amma nəfəsi gəlsin. Sonra bacısının yoldaşı ilə əlaqə saxladım. İş yoldaşımı da götürüb hospitala yollandım. Siyahıya baxanda Babək adında başqa birisi vardı. Sevindim. Amma əlaqə yarada bilmədikcə, narahatlığım daha da artırdı. Dərhal rayondakı bibim oğluna dedim ki, Tərtərə getsin və mənə Babəkin sağ olması xəbərini desin. Heç demə, Babəkin şəkli şəhid olanların siyahısında imiş. Həyatın yazılmamış qanunları varmış. Tez-tez Babəkin ata-anasından "Babəkdən xəbər yoxdumu" deyə soruşurdum. Hətta bir dəfə əsəbləşib dedim ki, "necə ata-anasınız. Gedin oğlunuzu axtarın da!"".

"Bəs Allah sevən ürəyə necə qıydı?!"


Xəbərə aid fotolar