Türkiyənin bələdiyyə sədrlərinin Bakı görüşləri Anlaşma var FOTO


Digərləri 07 Noy 2017 18:25:00 289 0

Türkiyənin bələdiyyə sədrlərinin Bakı görüşləri  Anlaşma var  FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin Çukurova Bələdiyyələr Birliyinin üzvlərindən ibarət nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Türkiyənin bələdiyyə sədrləri Şəhidlər Xiyabanını, Bakıdakı Türk Şəhidliyini və Atatürkün abidəsini də ziyarət edib.

Ziyarətdən sonra nümayəndə heyəti Türkiyənin Azərbaycandakı  Səfirliyində görüş keçiriblər. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası nümayəndələri də iştirak edib. Görüş zamanı təhsil, mədəniyyət, turizm və digər sahələrdə qarşılıqlı əlaqələr, həmçinin  Azərbaycanın bir sıra şəhərləri ilə Türkiyə şəhərlərinin qardaşlaşması məsələsi müzakirə olunub, təkliflər səsləndirilib və bəzi ilkin razılaşmalar əldə edilib.

Daha sonra Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Protokolu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev və Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü imzalayıblar.

Tədbirdə çıxış edənlər qardaş ölkələrimiz arasındakı münasibətlərdən danışıblar. Bildirilib ki, Azərbaycan və Türkiyə ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi "Biz bir millət, iki dövlətik" kəlamına sadiq qalaraq bütün sahələrdə sıx əməkdaşlıq edir. Yüksək səviyyəli əlaqələr, ölkələrimizin birgə həyata keçirdikləri çoxlu layihələr münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə qardaş dəstəyi göstərir. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət-ənənələr qədim tarixə malik əlaqələrimizi şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduğunu nümayiş etdirib. Bildirilib ki, bu gün imzalanan sənəd də əlaqələrimizin inkişafına öz töhfəsini verəcək.