Fəvvarələr Meydanında "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək


Digərləri 07 Noy 2017 18:00:00 317 0

Fəvvarələr Meydanında "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək

Dekabrın 1-dən 2018-ci il yanvarın 15-dək "Nargis Fund" Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası keçiriləcək. Həm böyüklərin, həm də uşaqların səbirsizliklə gözlədiyi bu yarmarka şəhərdə əsl Yeni il bayramı ab-havası yaradacaq və burada siz özünüzü nağıl qəhrəmanı kimi hiss edəcəksiniz.

"Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasına təkcə paytaxtımızın sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstərirlər.  Artıq 5-ci il keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf olunacaq. "Nargis Fund" yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdən təşkil olunacaq. Buradan yaxınlarınız və əzizləriniz üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim, şirniyyatlar və s. əldə edə, kiçik rahat kafelərdə ətirli qəhvə, isti şokolad və ya çay içə, təzə şirniyyatlardan və milli yeməklərdən dada bilərsiniz. Builki tədbir miqyasına, əyləncəli tədbirlərinə və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq.

Qeyd edək ki, "Nargis" xeyriyyə fondu 2012-ci ildə Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Məhz həmin il Bakıda xoş ənənəyə çevrilən "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının əsası qoyulub. Yarandığı gündən fond tərəfindən bir sıra xeyriyyə layihələri təşkil olunub, uşaq və qocalar evlərinə, aztəminatlı ailələrə maddi yardım göstərilib, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və cərrahi əməliyyatları həyata keçirilib. Fondun fəaliyyəti barədə ətraflı məlumatı və xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri Nargisfund.com saytından, eləcə də rəsmi sosial şəbəkə resurslarından əldə edə bilərsiniz:

Instagram: Soyuqelleristiurek