Qubada xalçaçılıq müəssisəsi istifadəyə verilib


Digərləri 07 Noy 2017 17:59:03 235 0

Qubada xalçaçılıq müəssisəsi istifadəyə verilib

Quba rayonunun Alpan icmasında xalçaçılıq müəssisəsi istifadəyə verilib

Bakı. Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Quba rayonunun Alpan icmasında inşa edilən xalçaçılıq müəssisəsi fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində yoxlamaların dayandırılması müddətinin uzadılması, lisenziyalaşdırma, investisiya mühiti, gömrük, ixrac, vergi və digər sahələrdə həyata keçirilən islahatlar özəl sektorun inkişafında xüsusilə önəmlidir və sahibkarlığın inkişafı sahəsində sistemli tədbirlər davam etdirilir. S.Məmmədov ölkə başçısının müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeni iş yerlərinin yaradılmasının, sahibkarlığın, xalq sənətkarlığı sahələrinin, o cümlədən xalçaçılığın inkişafının İqtisadiyyat Nazirliyi tərəfindən daim dəstəkləndiyini bildirib və belə icma əsaslı biznesyönümlü layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov rayonda reallaşdırılan layihələr, görülən işlər barədə məlumat verib və rayonda xalçaçılıq sənətinin inkişafı ilə bağlı geniş potensialın olduğunu diqqətə çatdırıb. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizlə ABŞ arasında əlaqələrdən, SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycan regionların inkişafına töhvə olduğunu bildirib. Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində belə icma layihələrinin əhəmiyyətini vurğulayıb. Tədbirdə diqqətə çatdırılıb ki, xalça müəssisəsinin fəaliyyətə başlaması nəticəsində Alpan, Uzunmeşə, Gəray, Kürkün və Susay kəndlərində yaşayan 50 nəfər işlə təmin olunacaq. 200 nəfər qadın isə xalçaçılıq üzrə pulsuz təlimlərdə iştirak edəcəkdir. Bundan başqa, müəssisədə xalçaların istehsalı üçün ilkin xammal (yun, ip, təbii boyaq kimi istifadə olunan bitkilər və s.) yerli fermerlərdən alınacaq. Qeyd edək ki, layihə çərçivəsində iki xalça toxuma otağı, konfrans (təlim otağı), sərgi zalı və digər obyektlər inşa olunub.