Millidini dəyərlərimizi sarsıtmaq istəyənlərə yüksək səviyyəli tutarlı ismarıc


Digərləri 07 Noy 2017 15:58:00 265 0

Millidini dəyərlərimizi sarsıtmaq istəyənlərə yüksək səviyyəli tutarlı ismarıc

"Nəzərə alınmalıdır ki, Azərbaycanda dini proseslər camaat sisteminə dayanmır, dini dünyagörüşü "köçürmə" mahiyyəti kəsb edir. Belə ki, bəzi qüvvələr digər müsəlman dövlətlərinin özünəməxsus dövlət-din modelinin ölkəmizə inteqrasiyasına çalışırlar".

Son.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı noyabrın 7-də "Azərbaycan" qəzetindəki "İlham Əliyevdən zəngin milli-mənəvi dəyərlərin və mütərəqqi tarixi ənənələrin qorunmasına böyük töhfə" adlı məqaləsində qeyd edib. Son.az həmin məqaləni olduğu kimi təqdim edir:

Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bu sahəyə sistemli dövlət qayğısının bariz nümunəsidir

Cəmiyyətdəki dəyərlərin və yaşayış tərzinin sintezindən ibarət olan mədəniyyət fərdlərin öyrənib bölüşdüyü münasibətlər və davranış kimi tanınır. Dəyər isə bir şeyin yaxşı və diqqətəlayiq olduğuna inamdır. Mədəniyyətin mühüm hissəsini təşkil edən dəyərlər fərdlərin və qrupların davranışlarına istiqamət verən əsas prinsiplərdir.

Bu baxımdan hər bir cəmiyyətin özünəməxsus milli-mənəvi dəyərləri onun mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bu dəyərlər cəmiyyəti meydana gətirən fərdlərdə milli həmrəylik, birlik ruhunu oyatdığı və toplumu üzləşdiyi yad təsirlərdən, təhlükələrdən qoruduğu üçün onu mühafizə və təbliğ etmək labüddür.

Mənəvi dəyərlər qloballaşmanın hədəfində

Mənəvi dəyərlərin qorunması və təbliği vətənpərvərlik hisslərinin möhkəmlənməsi ilə birbaşa əlaqəlidir. Belə ki, bəşər övladı tarixboyu yaşadığı coğrafi ərazini qorumağı, orada kök salmağı və oradan hərtərəfli faydalanmağı özünə vəzifə bilmişdir. Öz mövcudluğunu təmin edə bilmək, fəaliyyət göstərmək üçün müəyyən yerə bağlı qalmaqla yanaşı, həm də vətən adını verdiyi həmin yeri qorumaq onun üçün qaçılmaz olmuşdur.

Yaşadığı torpaqları vətənləşdirən bəşər övladı müəyyən dəyərlərə yiyələnmiş və zaman keçdikcə bu dəyərlərlə yoğrulub millətə çevrilmişdir. Milli-mənəvi dəyərlər adını verdiyimiz həmin dəyərlər millətin özünəməxsusluğunu, başqa sözlə desək, onun milli kimliyini ortaya qoyur. Məhz vətənpərvərlik hissi sayəsində fərd bu dəyərlərə sahib çıxır, həm onları, həm də aid olduğu vətəni, təmsil etdiyi milləti qorumaq üçün canından belə keçməyə hazır olur.

Müasir dövrdə dünyanın sürətlə qloballaşması fərdlərin və cəmiyyətlərin həyatına böyük təsir göstərir. Belə ki, qloballaşma prosesinə qarşılıqlı əlaqələr nəticəsində meydana gələn beynəlmiləlləşmə, ticarət mübadiləsinin genişlənməsi, Qərbə məxsus dəyərlərin və texnologiyanın bütün dünyada aktuallıq qazanması və s. aid edilir. Fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dialoqa nail olunması, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bir tərəfdən müsbət dəyişikliklərə səbəb olsa da, digər tərəfdən milli-mənəvi dəyərlər sistemini təhlükə altına atır.

Mədəniyyətlərin mübadiləsi ilə müşahidə olunan qloballaşma milli identiklik və milli özünəməxsusluğu aradan qaldırır. Həyatın bütün sahələrini öz təsir dairəsinə alan qlobal proseslər milli-mənəvi dəyərlərin aşınaraq vahid dünya ictimai sisteminin yaranmasına, "köhnə" dəyərlərin məhv edilərək onların yerində böyük boşluqların əmələ gəlməsinə səbəb olur. Odur ki, mənəvi dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsi, eyni zamanda milli-mədəni sərvətin qorunub saxlanılması və yaşadılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Qloballaşmanın təhlükəsini necə azaltmalı

Əslində, qloballaşmanın gətirdiyi sosial dəyişikliklər ümumbəşəri və qaçılmazdır. Amerikalı tarixçi Henri Stüart Hyüsün təbirincə desək, dəyişiklik tarixin mahiyyətindədir. Heç bir mədəniyyət qarşılıqlı təsirlənmələrdən sığortalanmamışdır. Sadəcə həmişə tərəflərdən biri daha çox təsir göstərən, digəri isə daha çox təsirə məruz qalan rolunu oynayır. Bu qarşılıqlı təsirlənmələr fonunda cəmiyyət onun üzvlərinin davranış və münasibətlərinə istiqamət verən müəyyən dəyərlər və normalar əsasında mövcudluğunu qoruyur.

Zaman keçdikcə dəyişikliklərə məruz qalan bu dəyər və normaların təsiri azalır, onlar ya yeni dövrə uyğunlaşır, ya da tamamilə yeniləri ilə əvəz olunur. Ancaq bu əvəzlənməyə, dəyişikliklərə nəzarət olunmaması, laqeyd yanaşılması bir çox problemlərin ortaya çıxmasına, radikal meyillərin yaranmasına, xüsusilə gənclərin qeyri-ənənəvi cərəyanların təsir dairəsinə düşməsinə, milli-mənəvi dəyərlərin deqradasiyasına gətirib çıxara bilər.

Qloballaşmanın yad təsirlərindən istifadə edən qüvvələr, xüsusilə müasir texnologiyaların köməyilə yad ideya və ideologiyaları yaymağa cəhd göstərirlər. Radikal meyilli ideologiyaların intişar tapması bunun bariz nümunəsidir. Həmin radikal ideologiyalar məhz kollektiv milli kimliyin nüvəsini təşkil edən loyallıq hissinin aradan qaldırılmasına yönəlmişdir. Loyallıq hissini itirmiş fərd kollektivə yadlaşır və özünü onun bir parçası olaraq hiss etmir. Hətta bəzən ona qarşı düşmənə çevrilir ki, bu, olduqca təhlükəli tendensiyadır.

Bütün bunların qarşısını almaq məqsədilə dövlətlər elmin, təhsilin inkişafı və özünün sahib olduğu mənəvi dəyərləri qorumaq istiqamətində mühüm addımlar atmalıdır. Bu istiqamətdə iş görən dövlətlər üçün qloballaşma təhlükəli və qorxulu tendensiya olmayıb, əksinə, onların inkişafına rəvac verəcəkdir. İlk növbədə ona görə ki, ölkələr bir-birilərinin elmi-texnoloji sahədəki nailiyyətlərindən istifadə edə bilirlər. Digər tərəfdən, qarşılıqlı ünsiyyətdə milli mədəniyyətlər həm özləri zənginləşir, həm də başqa millətlərin mədəniyyətlərini, mənəvi dəyərlərini zənginləşdirirlər.

Milli-mənəvi irs Azərbaycan xalqını bütövləşdirən və zənginləşdirən dəyərdir

Bu baxımdan Azərbaycan xalqı özünün milli-mənəvi irsinə - onu bütövləşdirən və zənginləşdirən komponentlərə - dil, din, adət-ənənə, eyni zamanda birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək bəşəriyyətin mürəkkəb və ziddiyyətli ictimai-siyasi sınaqlarından məharətlə çıxa bilmiş, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixi hadisələrin gedişatı göstərdi ki, minilliklər ərzində formalaşmış milli-mənəvi sərvətimiz milli mənlik şüurumuzu oyadaraq müstəqil dövlətçiliyimizin bərpasına səbəb olan əsas amildir.

Mənəvi aləmimizi zənginləşdirən, birliyimizi təmin edən, tariximizi və mədəni irsimizi ucaldan milli dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Vətən sevgisi, ailə birliyi, dini dəyərlər, adət-ənənələrimiz, yardımsevərlik kimi milli mental keyfiyyətlərimizi özündə təcəssüm etdirən mənəvi dəyərlərimiz, bütün dövrlərdə olduğu kimi, bu gün də gündəlik həyatımızda, bir növ, əxlaqi meyar rolunu oynayır. Bu dəyərləri yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişini, onun varlığını qorumaq deməkdir.

Hər bir ailənin möhkəm əsaslar üzərində dayanmasında, onun üzvlərinin sağlam mənəvi keyfiyyətlərə malik olmasında ailə başçıları mühüm rol oynadığı kimi, hər bir xalqın da maddi-mənəvi dəyərlərinin qorunaraq sonrakı nəsillərə çatdırılmasında cəmiyyətin bütün üzvləri ilə yanaşı, dövlət başçıları da əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi vəzifəni məhz ulu öndər Heydər Əliyev öz üzərinə götürmüş və bu missiyanı böyük uğurla həyata keçirməyə nail olmuşdur.

Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər xalqımızın milli-mənəvi dəyərlərini sevərək öz varlığında yaşatmış, əməllərində bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə kimi qorumuş, onun əbədiyaşarlığını təmin etmişdir. Dahi şəxsiyyət hələ Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə sovet ideoloji-siyasi maneələrini dəf edərək Azərbaycan xalqının milli özünüdərkini, milli heysiyyətini gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün mühüm tədbirlər həyata keçirmişdir.

Heydər Əliyev nümunəsi

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu işləri ilə bərabər, milli-tarixi yaddaşın bərpasına da xüsusi önəm vermiş, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirmişdir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə dərindən bağlı olan ümummilli lider bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durmuşdur.

"Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir" deyən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, vaxtilə qadağalara məruz qalan xalqımızın özünəməxsus adət-ənənələri, milli və dini bayramları xalqa qaytarılmışdır.

Azərbaycan xalqının yenidən öz milli-mənəvi dəyərlərinə qayıdışı prosesində İslam dini xüsusi yer tutmuşdur. Ona görə də ulu öndər İslam dininin mədəniyyətimizin formalaşmasındakı, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsindəki rolundan danışarkən xalqımızın mənəviyyatına, dünyagörüşünə böyük təsir göstərdiyini, adət-ənənələrimizin bir çox hallarda İslam dini vasitəsilə günümüzədək yaşadığını, ölkədə vətəndaş həmrəyliyinin, birliyinin yaranmasında böyük əhəmiyyət daşıdığını bildirmişdir.

Ulu öndərin həyata keçirdiyi uğurlu din siyasəti nəticəsində ölkədə etiqad azadlığının həyata keçirilməsi üçün tam şərait yaradılmış, dini dəyərlərə, ibadət yerlərinə və din xadimlərinə xüsusi qayğı göstərilməyə başlanılmış, dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq güclənmişdir. Bütün bunların əsasında Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşmışdır.

Dövlət-din münasibətlərinin uğurla və sağlam məcrada tənzimlənməsi

Ulu öndərin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Yaradıldığı gündən komitə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, habelə dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görür.

Eyni zamanda, dövlət komitəsi, qanunvericiliyə uyğun olaraq, dini icmaların fəaliyyətinin təşkilində, dini maarifləndirmə işinin həyata keçirilməsində, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və milli-mənəvi irsimizin təbliğində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstərir. Bunun bariz nümunəsi ötən il "Multikulturalizm ili" və bu il "İslam həmrəyliyi ili" çərçivəsində həyata keçirilən tədbirlərdir.

Belə ki, Prezidentin tapşırığına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi ili" çərçivəsində Bakıda, Finlandiyada, İranda, Türkiyə və Özbəkistanda beynəlxalq konfranslar keçirilmişdir. Növbəti konfranslarımız ilin sonunadək İspaniya və Rusiyada keçiriləcəkdir. Bununla yanaşı, Naxçıvanda və Bakıda ilin yekunlarına həsr olunmuş beynəlxalq konfrans təşkil olunacaqdır.