"Qarabağ" rəsmisi: "Azarkeşlərimizin də stadionu tam dolduracağına inanırıq"


İdman 07 Noy 2017 15:10:00 364 0

"Qarabağ" rəsmisi: "Azarkeşlərimizin də stadionu tam dolduracağına inanırıq"

“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının (ÇL) IV turunda Bakıda  “Chelsea” ilə keçirəcəkləri oyun üçün azarkeş sayı barədə gözləntilərini dilə gətirib. Goal.az xəbər verir ki, klub rəsmisi "Reaport"a açıqlamasında 30 min bilet satıldığını deyib. Onun sözlərinə görə, artıq qonaq komanda üçün ayrılan biletlərin hamısı tükənib: “Chelsea” ilə görüşdə azarkeş rekordunun yenilənəcəyinə ümid edirik. Qonaqlara 3664 bilet ayırmışdıq. Onların hamısı satılıb. Öz azarkeşlərimizin də stadionu tam dolduracağına inanırıq. Satış qaydasında gedir”.

Ə.Çəlikəl bilet satışından qazanc gözləmədiklərini söyləyib. İcraçı direktor deyib ki, ÇL matçları zamanı ümumilikdə 4 minə yaxın personal xidmət göstərir və bilet satışından əldə olunan vəsait təşkilati xərclərin qarşılanmasına yönəlir: “Hələlik əvvəlki 2 görüş üçün bilet satışından nə qədər vəsait əldə olunduğunu bilmirik. Lakin elə də böyük qazanc gözləmirik. Çünki xərclərimiz də çoxdur”.

ÇL-də qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” – “Roma” matçı üçün bütün biletlər satılsa da, 68700 nəfərlik tutuma malik Bakı Olimpiya Stadionunda anşlaq olmayıb. Tamaşaçı sayı 67200 nəfər göstərilsə də, tribunada cəmi 57 min nəfərin yer aldığı müəyyənləşib. III turun "Qarabağ" - "Atletico" oyununu isə 47923 azarkeş izləyib. Noyabrın 22-də keçiriləcək “Qarabağ” - “Chelsea” matçı saat 21:00-da başlayacaq.