Azərbaycan hökuməti uzunmüddətli dövlət borcuna xidmət strategiyası hazırlayıb


İqtisadiyyat 07 Noy 2017 14:30:57 294 0

Azərbaycan hökuməti uzunmüddətli dövlət borcuna xidmət strategiyası hazırlayıb

Dövlət xaricdən borc almaqda davam edəcək

 "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici öhdəlikləri nəzərə alınmazsa, dövlətin xarici valyutada ifadə olunmuş borcunun məbləği həcmi artmayıb. 

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. 

"Azərbaycanın borcunu artıran yeganə amil "Cənub Qaz Dəhlizi" layihəsilə bağlı alınmış kreditlərdir. Bu kreditləri də dövlət götürmür, dövlətə məxsus "Cənub Qaz Dəhlizi " QSC götürür. Bu layihəyə beynəlxalq dəstək var. "Cənub Qaz Dəhlizi" böyük layihədir və bu layihədə Azərbaycanın beynəxalq maliyyə insitutlarının maliyyə və ümumi dəstəyinə ehtiyacı var. Bu layihələrə dövlət zamanər verir. Həmin zəmanətlər artır ki, bunlar da müvəqqəti addımlardır. Layihələr işə düşəndən sonra zəmanətlərin geri alınması üzrə tədbirlər görəcəyik", - o qeyd edib. 

Bundan başqa, S.Şərifovun sözlərinə görə, Azərbaycan hökuməti uzunmüddətli dövlət borcuna xidmət strategiyası hazırlayıb: "Əsas məqsəd odur ki, borcalmanın məbləğini azaldaq və borcları geri qaytarma cədvəli hazırlayaq ki, dövlət büdcəsinə böyük ağırlıq düşməsin. Lakin, bu, o demək deyil ki, borc almayacağıq. Bu, düzgün yanaşma deyil. Dünyanın bütün dövlətləri borc alır. Müəyyən səviyyədə borc səviyyəmizi sabitləşdirəcəyik və çalışacağıq ki, bu səviyyədə qalsın".