Avtoritetlərin qaçışına görə tutulan tabor komandirinin şikayəti rədd edildi


Kriminal 07 Noy 2017 12:33:00 280 0

Avtoritetlərin qaçışına görə tutulan tabor komandirinin şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Son.az report-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, B.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (əzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də irəli sürülüb. Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə B.Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi və Baş Prokurorluq Penitensiar xidmət əməkdaşlarının həbs olunması ilə bağlı birgə məlumat yayıb. Belə ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.