Caspian American Forum Baku iyunun 4-də keçiriləcək


Digərləri 07 Noy 2017 11:37:59 183 0

Caspian American Forum Baku iyunun 4-də keçiriləcək

Dekabrın 8-də keçirilməsi planlaşdırılan Birinci Beynəlxalq Caspian American Forum Baku-nun vaxtı dəyişdirilərək 2018-ci il iyunun 4-nə keçirilib.

Bakı. Dekabrın 8-də keçirilməsi planlaşdırılan Birinci Beynəlxalq Caspian American Forum Baku-nun vaxtı dəyişdirilərək 2018-ci il iyunun 4-nə keçirilib. Trend-in məlumatına görə, bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və icraçı direktoru Telman Əliyev məlumat verib. O deyib ki, Caspian American Forum Baku-nu ən yüksək səviyyədə təşkil etmək məqsədilə lazımi sayda sponsor və partnyor cəlb etmək üçün əlimizdən gələni edəcəyik: "Caspian American Forum Baku Şimali və Cənubi Amerikadan Xəzər-Qara dəniz və Baltik regionlara daha çox şirkətlərin cəlb olunmasına yardım edəcək. Caspian American Forum Baku-ya göstərilən rəsmi dəstəyə görə, Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, eləcə də ABŞ-ın Azərbaycandakı səfirliyinə təşəkkür edirik”. T.Əliyev xatırladıb ki, Caspian American Forum Baku-da Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 500-dən artıq nümayəndəsinin iştirakı gözlənilir. Bu forum Xəzər-Qara dəniz regionu, Şimali və Cənubi Amerika dövlətlərinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanıdır. Forum enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ energetikanın inkişafına həsr olunacaq. Tədbirdə eyni zamanda, qeyri-neft, xüsusilə də maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat, səhiyyə, təhsil və İKT sektorunun bugünkü aktual layihələrinə toxunulacaq.