Səudiyyə Ərəbistanında baş verən son hadisələr - kral oğluna yol açır - ŞƏRH


Digərləri 06 Noy 2017 16:01:38 142 0

Səudiyyə Ərəbistanında baş verən son hadisələr - kral oğluna yol açır - ŞƏRH

Bu proses kral Salmana, varisə, islahat tərəfdarlarına həyatları və krallığın adının tarixə qovuşması bahasına başa gələ bilər

Ötən gün Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 nazir və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslərin adları açıqlanmasa da, onların qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, "çirkli pulların yuyulmasında", korrupsiyada ittiham olunaraq saxlanıldıqları bildirilib. 

Bütün dünyada böyük əks-sədaya səbəb olan həbsləri həyata keçirən yeni komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Elə həmin gün kral Salman Milli Qvardiya və Donanmanın komandanını tutduğu vəzifədən azad edib.

Noyabrın 5-də isə göyərtəsində şahzadə Mansur bin-Mukrinin və daha bir neçə yüksək vəzifəli məmurun olduğu helikopter qəzaya uğrayıb. Qəza Səudiyyə Ərəbistanı ilə Yəmən sərhədində baş verib. İlkin məlumata əsasən, helikopterin göyərtəsində 9 nəfər olub. Şahzadə Mansur bin-Mukrin Asir əyalətinin başçısı olub. Helikopterin qəzaya uğraması səbəbi hələ ki məlum deyil. Ancaq bu qəzanın krallıqda baş verən hadisələrlər əlaqəsi olduğu da istisan edilmir.

Səudiyyə Ərəbistanında nə baş verir? Son zamanlar Krallıqda şahzadələrin tutulması, öldürülməsi və edam olunması barədə xəbərlər tez-tez yayılmağa başlayıb.

Bu məsələlərə faktiki olaraq varis şahzadə Məhəmmədin başçılıq etdiyi istisna olunmur. Çünki Səudiyyə Ərəbistanı cəmiyyəti bu hadisələrə adət etməyib. Yoxsa kral sarayında dövlət çevrilişi baş verib?

Son 5 ildə bölgədə baş verənlərə nəzər salaq:

Misirdə Hüsnü Mübarəkin hakimiyyətinin devrilməsi ilə nəticələnən hadisələr Orta Şərqdə vəziyyətin dəyişməyəcəyini düşünən dövlət başçılarını silkələdi.

İraq və Suriyada baş verənlər isə onları “belə qalmayacaq”, “belə davam etməyəcək” tezisləri üzərində düşünməyə vadar etdi. Bu ölkələrin “terrorçu İŞİD” adlı bəladan təmizlənməsi əməliyyatlarının uğurla davam etməsi isə belə dövlət başçılarını konkret hərəkətə keçməyə məcbur edib. Səudiyyə Ərəbistanında da sadaladıqlarımızın hamısı var.

Səudiyyə Ərəbistanının mərhum kralı Abdullah bin Əbdüləziz əl-Səud “ərəb baharı”nın küləyindən ciddi narahat olan monarxlardan idi. Həmin hadisələr bu ölkəni ciddi silkələmişdi. Hətta vəziyyət o yerə çatmışdı ki, krallıq Misirdə seçiki yolu ilə hakimiyyətə gələn Məhəmməd Mursinin devrilməsini müsbət qarşıladı. O vaxt kral cəmiyyətdə islahat görüntüsü yaratmaq üçün bəzi addımlar atdı. Ancaq bu, Səudiyyə Ərəbistanı kimi inqilab səviyyəsində islahatlar tələb edən dövlət üçün az idi. Ola bilsin, kral daha dərin islahatlar aparmaq niyyəində olub, ancaq o, 2015-ci il yanvarın 23-də vəfat etdi və görəcəyi işlər yarımçıq qaldı.

Bir çoxları krallıqda vəziyyətin ağırlaşacağını, qarışıqlıq düşəcəyini düşünürdü. Amma ölkədə monarx dəyişikliyi sakit bir formada həyata keçirildi, kral Abdullahın atabir qardaşı, vəliəhd Salman bin Əbdüləziz əl-Səud taxtda əvəzlədi.

Salman bin Əbdüləziz əl-Səud 1935-ci il dekabrın 31-də Ər-Riyadda dünyaya gəlib. Kral Abdullah vəfat etdikdən sonra 80 yaşında taxt-taca sahib olan kral Salmanın görəcəyi işlər təkcə ölkə cəmiyyətini deyil, bölgə və dünyanı da maraqlandırırdı. Salman bin Əbdüləziz əl-Səudı qardaşından daha liberal və Qərbə daha yaxın sayırlar.

Onun görəcəyi ilk iş, heç şübhəsiz, varisin elan edilməsi idi. Ona görə də kral qardaşı, varis şahzadə Məhəmməd bin Naifin yerinə oğlu, ikinci varis, 31 yaşlı şahzadə Məhəmməd bin Salmanı gətirdi. Krallığın Sədaqət Şurasının 34 üzvündən 31-i Məhəmməd bin Salmana səs verib. Fərmanla Səudiyyə Ərəbistanı kralının seçimini nəzərdə tutan konstitusiyanın 50-ci maddəsində dəyişiklik edilib. "Kral, qurucu lider Əbdüləziz bin Əbdürrəhman bin Səudun oğulları arasından seçilir'' maddəsi "Ölkəni idarə edəcək olan adam, qurucu lider Əbdüləziz bin Əbdürrəhman bin Səudun oğulları və nəvələri arasından seçilir" şəklində dəyişdirilib.

Şahzadə Məhəmməd bin Salman əl-Səud həm də baş nazirin birinci müavini təyin olunub. Varis şahzadə əvvəlki kimi krallığın müdafiə naziri vəzifəsini də tutur. 

Kralın fərmanına əsasən, Məhəmməd bin Naif əl-Səud yalnız varis titulundan məhrum edilməyib. O, həm də baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən azad olunub.

Yeri gəlmişkən, bu il martın 14-də Səudiyyə Ərəbistanı kralının varisi, müdaifə naziri, şahzadə Məhəmməd bin Salman əl-Səud ABŞ prezidenti Donald Trampla görüşüb. O, ABŞ Müdafiə Nazirliyinin rəsmiləri ilə də görüşlər keçirib, ikitərəfli münasibətlərə, eləcə də bölgədəki vəziyyətə dair məsələləri müzakirə edib.

Xatırladaq ki, kral Salmanın yürütdüyü siyasətin arxasında varis şahzadənin durduğu deyilir. O, Yəməndəki müharibənin başlamasının təşəbbüsçüsü, Qətərə qarşı embarqonun memarı, iqtisadi sahədə islahatçı sayılır. Eyni zamanda yeni varisin ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri ilə dost olduğu bildirilib.

Varisin kral olması üçün çoxsaylı maneələr mövcuddur. Məlumdur ki, kral Əbdüləzizin oğlanlarının əksəriyyəti neft milyarderləridir. Kral Salmanın isə var-dövlətinin miqdarı və şirkətlərinin sayı məlum deyil.

Hazırda kral Əbdüləzizin 12 oğlu sağdır. Səudiyyə ailəsinin üzvlərinin sayı 7 min nəfərə çatıb, 4 mindən çox şahzadə var. Heç şübhəsiz, onların hər biri kral olmağa namizəd sayılır. Deməli, Məhəmmədin kral olması üçün iddialı şahzadələr oyundankənar vəziyyətə salınmalıdır.

Ehtimal etmək olar ki, kral Salman varis oğlu üçün bu işləri görür. Başqa sözlə, Məhəmmədin kral olması üçün yollar açılır, gələcəkdə dövləti idarə edərkən ona mane olacaq amillər aradan qaldırılmalıdır. Kral Salman Alzheimer xəstəliyindən əziyyət çəkir və səhhətinə görə dövləti idarə etməkdə problemlər yaşayır. 

Bununla belə, onun başlıca vəzifəsi Səudiyyə Ərəbistanındakı sabitliyi qoruyub saxlamaqdır. Bundan başqa, şahzadə Məhəmmədin timsalında yeni kralın nüfuzunu artırmaq lazımdır. Bunlardan biri ilk növbədə sarayda səliqə-sahman yaratmaqdır. Bu istiqamətdə prosesin artıq başladığını demək olar.

Bölgədəki indiki vəziyyət fonunda əsas məsələlərdən biridə cəmiyyətdə nüfuza sahib olmaq və krallıq təbəələri tərəfindən qəbul edilməkdir. Ötən həftə şahzadə Məhəmməd yeni salınacaq şəhər və biznes zonasına 500 milyard dollarlıq sərmayə ayrılacağını elan edib və bildirib ki, krallığın modernləşdirilməsində “mötədil İslama qayıtmaq” həlledici rol oynayacaq.

O, jurnalistlərə açıqlamasında deyib ki, Səudiyyə əhalisinin 70 faizinin yaşı 30-dan yuxarı olmayanlardan ibarətdir: “Gənclik dinimizin tolerantlıq kimi başa düşüldüyü bir həyat tərzi arzulayır”.

Bundan başqa, varis qısa bir zamanda ekstremizmin qalıqlarının aradan qaldırılacağını vəd edib: “Hökumət əyləncə sektoruna da investisiya qoymaq niyyətindədir. Konsertlərin keçirilməsi bərpa olunub, kinoteatrların işə düşəcəyi gözlənilir. Biz əvvəlki - dünya üzrə bütün dinlərə, ənənələrə və insanlara açıq olan ölkə vəziyyətimizə qayıdırıq. Biz normal həyat sürmək istəyirik. Elə bir həyat ki, dinimiz tolerantlıq və mehribanlıq rəmzinə çevrilsin".

Kral Salman isə mühafizəkar dindarların etirazına baxmayaraq, gələn il qadınlara maşın idarə edilməsinə qadağanın aradan qaldırılacağını elan edib: "Səudiyyə əhalisinin 70 faizi 30 yaşından cavandır, növbəti 30 ilimizi dağıdıcı ideyaların öhdəsindən gəlməyə sərf etmək niyyətində deyilik. Biz onları birdəfəlik yığışdırıb yox edəcəyik".

Sentyabrda Ər-Riyadda Kral Fəht adına stadionda “Milli Gün” bayram tədbirlərində ilk dəfə qadınların iştirakına icazə verilib. 2018-ci ildən etibarən krallıq tarixində ilk dəfə qadınlara stadionlarda keçirilən idman tədbirlərini izləməyə icazə verilib. Ailələr paytaxt Ər-Riyad, Ciddə və Dammam şəhərlərindəki stadionlara buraxılacaqlar.

Bu, gender ayrı-seçkiliyi qanunları altında yaşayan Səudiyyə qadınlarının hüquqlarını artıran növbəti addımdır. Səudiyyə Ərəbistanının idman üzrə rəsmiləri üç stadionda "2018-ci ilin əvvəlindən ailələri qəbul etmək üçün hazır olmağa" yönəlik tədbirlərin həyata keçiriləcəyini deyirlər.

Hazırlıqlar çərçivəsində stadionların içində restoranlar, kafelər və ekranlar yerləşdiriləcək. Bundan əvvəl stadionlara yalnız kişilərin girişinə icazə verilib.

Bu islahatlara baxmayaraq, İslamın ifrat mühafizəkar vəhabbi təriqətinə riayət edən Səudiyyə Ərəbistanında qadınlar hələ də sərt məhdudiyyətlərlə yaşamağa davam edirlər. Buna əsasən, qadınlar geyimlərini müşahidə edən sərt qaydalara riayət etməli və tanış olmadıqları kişilərlə heç bir əlaqə qurmamalıdırlar. Əgər onlar səyahət, işləmək və ya tibbi xidmətlərdən istifadə etmək istəyirlərsə, onlarla bir qəyyum olmalıdır və ya qəyyumun yazılı icazəsi lazımdır.

Dünyada BMT üzvü olub sülalə adı ilə adlanan üç dövlət mövcuddur: Lixtenşteyn Knyazlığı, İordaniya Haşimilər Krallığı, Səudiyyə Ərəbistanı Krallığı.

Səudiyyə Ərəbistanı əsaslı dəyişikliklər mərhələsini yaşayır. Bu ölkədə çox ciddi problemlər mövcuddur. 32 yaşlı gənc varis-şahzadə və 82 yaşlı kral bunların öhdəsindən gələ biləcəkmi?! Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanı Krallığı dünyanın dini-mədəniyyət mərkəzlərindən biri sayılır. Bu ölkə həm də hazırda dünyanın neft nəhənglərindən biridir. Cəmiyyətin çoxsaylı sosial, mədəni, milli, dini hüququ hələ təmin edilməyib. Mövcud hakimiyyətin isə bir neçə istiqamətdə sərt mübarizə aparmasına zərurət var: islahatlara qarşı olanlara, iranyönümlü qüvvələrə, dini ekstremistlərə, terrorçulara, ölkənin ərazi bütövlüyünü pozmağa səy göstərən separatçılara, ərəb dövlətləri arasında Krallığı nüfuzdan salmaq istəyənlərə, neft bazarında ona qarşı olanlara və s.

Beləliklə, krallığa namizəd Məhəmməd bin Salman və komandasının yaxın illərdə inqilabi islahat aparacağı gözlənilir. Bu proses varisə, krala, islahat tərəfdarlarına həyatları və krallığın adının tarixə qovuşması bahasına başa gələ bilər. Bununla belə, Səudiyyə Ərəbistanına gələcəkdə mövcud olmaq üçün islahat aparmaqdan başqa yol da görünmür. Bu onun mövcudluq düsturudur.