"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 5


İqtisadiyyat 06 Noy 2017 10:06:36 281 0

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 5

Bu həftə qlobal maliyyə bazarları üçün iqtisadi göstəricilərin önəm və sayı baxımından nisbətən sakit keçəcək

6-10 noyabr həftəsi qlobal maliyyə bazarları üçün iqtisadi göstəricilərin önəm və sayı baxımından nisbətən sakit keçəcək. Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri Çin, ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Noyabrın 8-də Bakı vaxtı ilə saat 07:00-da Çində xarici ticarət balansı, idxal və ixrac, noyabrın 9-da Bakı vaxtı ilə saat 05:30-də inflyasiya və istehsalçı qiymətləri indeksi ilə bağlı göstəricilər açıqlanacaq. Qeyd edək ki, analitiklər xarici ticarət profisitinin sentyabr ayı ilə müqayisədə 11 mlrd. dollar artaraq 39,5 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırırlar. İnflyasiyanın isə 1,7% olması gözlənilir;

2) Noyabrın 10-da ABŞ-da Bakı vaxtı ilə saat 19:00-da Miçiqan Universiteti istehlakçıların əhval-ruhiyyəsi indeksini açıqlayacaq. Proqnozlara görə, indeksin 101 bəndə yüksələrək son 13 ilin maksimumuna çatması gözlənilir;

3) Noyabrın 10-da Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyanın emal sənayesində istehsal həcmi göstəricisi açıqlanacaq. Analitiklər göstəricinin 0,3% yüksələcəyini proqnozlaşdırırlar;

4) Noyabrın 7-də Bakı vaxtı ilə saat 07:30-da Avstraliya Ehtiyat Sistemi uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər Bankın 14-cü dəfə uçot dərəcəsini dəyişdirməyərək 1,5% həddində sabit saxlayacağını proqnozlaşdırırlar;

5) Noyabrın 8-də saat 24:00-da Yeni Zelandiya Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. Ekspertlər uçot dərəcəsinin 1,75%-də sabit saxlanılacağını düşünürlər.