Azərbaycana aid nəşrlər 36-cı Beynəlxalq kitab sərgisində nümayiş etdirilir


Digərləri 05 Noy 2017 05:57:18 173 0

Azərbaycana aid nəşrlər 36-cı Beynəlxalq kitab sərgisində nümayiş etdirilir

900-dək nəşriyyatın iştirak etdiyi sərgi yarmarkasında Azərbaycan pavilyonu geniş ərazidə qurulub

İstanbulda 36-cı Beynəlxalq kitab sərgisi açılıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bu il 46 ölkədən 900-dək nəşriyyatın iştirak etdiyi sərgi yarmarkasında Azərbaycan pavilyonu geniş ərazidə qurulub.

Pavilyonda Mədəniyyət və Turizm Nazirliyinin, "Azərnəşr", "Kaspi Nəşrləri", "Hədəf Nəşrləri", "Altun kitab", "Qələm" və "Parlaq imzalar" nəşriyyatlarının çap işləri sərgilənir.

Kitab sərgisində Azərbaycanın tarixindən, zəngin mədəniyyətindən, turizm imkanlarından, elmi nailiyyətlərindən, sürətli sosial-iqtisadi inkişafından bəhs edən kitablarla yanaşı, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ağır nəticələrini əks etdirən nəşrlər də sərgiyə çıxarılıb. Bundan başqa,  pavilyonda qurulmuş monitorlarda nümayiş etdirilən kadrlarda Azərbaycan barədə sənədli filmlər nümayiş olunur.

Sərginin ilk günü XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı tədbir və onunla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş "Molla Pənah Vaqif", Azərbaycan Milli Kitabxanasının hazırladığı "Molla Pənah Vaqif. Biblioqrafiya" və TÜRKSOY-un 12 dildə çap etdirdiyi “Dünya dillərində Molla Pənah Vaqif şeirləri" kitablarının təqdimatı olub.

Türkiyədə təhsil alan tələbələr Vaqifin şeirlərini oxuyublar. Sərgi noyabrın 12-nə qədər davam edəcək.