Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları


Digərləri 04 Noy 2017 23:55:00 339 0

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Havalar soyuyanda, qış fəsli yaxınlaşanda orqanizmin müqavimət qüvvəsi zəifləyir. Ona görə də havalar soyuyana qədər vitaminlərlə zəngin olan qidalar qəbul etmək, orqanizmin müqavimətini gücləndirmək və immuniteti artırmaq lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov bu barədə deyib: "Qida rasionuna daxil olan bir sıra məhsullar müntəzəm qəbul ediləndə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir. Hər gün süd, kefir, yoqurt, təbii kəsmik və digər ağartı məhsulları qəbul etmək, onların az və ya orta dərəcədə yağlılığı olanları seçmək daha arzuolunandır. Kərə yağından tamamilə imtina etmək olmaz - məsələn, hər səhər kərə yağı ilə olan buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Son araşdırmalar nəticəsində müəyyən edilib ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Həmin məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun səviyyəsi daha da artır.

Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyator, yəni immuniteti stimullaşdıran və möhkəmləndirən maddələrlə zəngin tərəvəzdir. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferonun yaranmasına kömək edən çoxlu maddələr var.

Brokkoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər betakarotin maddəsi ilə zəngindir. Betakarotin selikli qişaları, xüsusən də ağciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.

Qida rasionuna bildirçin yumurtalarının daxil edilməsi immunitet üçün xeyirli hesab olunur. Tərkibindəki A, B qrupu vitaminləri və mikroelementlərin miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir, orqanizmdən radionukleidlərin xaric olunmasına kömək edir.

Sarımsaq, soğan, qıtıqotu kökünü tərkibi xeyli miqdarda fitonsidlərlə zəngindir. Fitonsid maddələr immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur.

İmmunitetin gücləndirilməsində dəniz məhsulları -balıq, krevet və s. böyük rol oynayır. Qızıl balıq, ton və digər balıqlarda orqanizm üçün faydalı hesab edilən maddələr - Omeqa-3 yağ turşuları və s. var. Dəniz yosunları qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və immuniteti yaxşılaşdırır. Onları tərəvəz və göyərtilərdən hazırlanmış təzə salatlara da əlavə etmək olar.