Rusiyanın nəhəng hakerliyi


Digərləri 04 Noy 2017 21:25:00 240 0

Rusiyanın nəhəng hakerliyi

"The Guardian" yazır ki, ABŞ seçkisinə müdaxilə etdikləri söylənən hakerlərin hədəf coğrafiyası daha geniş olub.

Məqalədə deyilir ki, onların "zərbə siyahısında" Ukrayna zabitlərinin e-mail-ləri, rusiyanın müxalifət fiqurları, ABŞ-ın müdafiə kontraktçıları və Kremlin marağında olan minlərlə başqası olub.

Bəzi məlumatlara görə ABŞ prokurorları Demokratlar Partiyasının serverlərinə haker müdaxiləsində ittiham olunan 6 Rusiya rəsmisinə qarşı cinayət işlərinin qaldırılmasını planlaşdırırlar.

Associated Press agentlyinin əldə etdiyi materiallar hakerlərlə Rusiya hökuməti arasında əlaqə olduğuna dair daha güclü dəlillər verir. Bu materiallardan aydın olur ki, hakerlər Roma papasının Ukraynadakı nümayəndəsindən tutmuş Moskvadakı Pussy Riot qrupunun üzvlərinədək 4700 Gmail ünvanına daxil olmağa cəhd göstəriblər.

Cambridge-dəki Münaqişə Araşdırmaları mərkəzinin direktoru Keir Giles deyir ki, AP-nin əldə etdiyi materiallar bunun Rusiyanın maraq siyahısı olduğunu söyləməyə əsas verir.

Bu materiallar Secureworks adlı kibertəhlükəsizlik firmasının araşdırmaları nəticəsində aşkar olunub.

Secureworks bu araşdırma zamanı aşkar edib ki, Fancy Bear haker qrupunun əməliyyatları ilə ABŞ prezident seçkisininin son mərhələsini lərzəyə gətrimiş sızmalar arasında, ələlxüsus da Hillary Clinton-un email-ləri ilə bağlı sızmalar arasında bilavasitə əlaqə var.

"The Guardian" yazır ki, Donald Trump-ın kampaniya rəsmisi George Papadopoulos-a ruslarda Clinton-a dair çirkli məlumatların olması barəsində informasiyanın verilməsi məlum idi.

Kremlin sözçüsü Dmitri Peskov dəfələrlə bildirib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iddialar əsassızdır. Lakin AP agentlyinin əlində olan materiallar bu iddiaların heç də əsassız olmadığını göstərir.

Macarıstandakı Pazmany Peter Katolik Universitetinin Rusiya təhlükəsizlik siyasəti üzrə eksperti Andras Racz deyib ki, o, müdaxilənin birbaşa Kreml və Rusiya Baş Qərargah İdarəsi tərəfindən edildiyinə şübhə etmir.

Ermənistanda balaca bir jurnal

"The Guardian" yazır ki, Secureworks-un siyahısı 2015-ci ilin mart ayından 2016-cı ilin may ayınadək olan müddəti və Birləşmiş Ştatlar, Ukrayna, Rusiya, Gürcüstan və Suriyada olan hədəfləri əhatə edir.

Bu da bəlli olub ki, Rusiyaya bağlı olduğu deyilən Fancy Bear qrupu Birləşmiş Ştatlarda keçmiş dövlət katibi John Kerry başda olmaqla ölkənin yüksək eşelonundakı 573 rəsminin elektron poçtlarını sındırmağa cəhd edib.

Bundan başqa Amerikanın müdafiə sənayesinə bağlı Boeing, Raytheon və Lockheed Martin şirkətlərinin, habelə ABŞ kəşfiyyatı nümayəndələrinin və təkcə Demokratlar Partiyasından 130 rəsminin email-lərinə müdaxilə cəhdləri olub.

Ukraynada isə hakerlər prezident Petro Poroşenko da daxil 545 rəsminin elektron poçtuna müdaxilə cəhdində bulunublar.