"Marsel" klubu azarkeşi vuran Patris Evranı komandadan kənarlaşdırıb


Sosial 04 Noy 2017 00:48:48 287 0

"Marsel" klubu azarkeşi vuran Patris Evranı komandadan kənarlaşdırıb

Hadisə Avropa Liqasında "Vitoriya" ilə oyunöncəsi baş verib

Fransanın "Marsel" klubu ötən gün stadionda isinmə hərəkətləri zamanı azarkeşin başına təpik vuran müdafiəçi Patris Evranı komandadan kənarlaşdırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.

İnsident cümə axşamı Portuqaliyada Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Vitoriya Gimaraynş" (0:1) ilə oyundan əvvəl baş verib. Matçöncəsi isinmə hərəkətləri zamanı azarkeşlər Evranın ünvanına təhqiramiz ifadələr işlədiblər. Futbolçu yarım saat buna tab gətirə bilib, lakin ardınca meydanın kənarına yaxınlaşıb. Tərəflər qarşılıqlı şəkildə bir-birilərini təhqir ediblər, bu zaman Evra azarkeşlərdən birinin başına ayaqla zərbə vurub. Bu, hakimin diqqətindən yayınmayıb və 36 yaşlı futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

"Marsel"in prezidenti Jak-Anri Eyro bu gün Patris Evra ilə görüşərək ona komandadan kənarlaşdırıldığını bildirib, həmçinin onun inzibati qaydada cəzalandırılması məsələsi müzakirə olunub", - deyə klubun bəyanatında bildirilir

Eva UEFA tərəfindən də 1 oyunluq cəzalandırılıb. Bu müddət UEFA İntizam Komitəsi tərəfindən noyabrın 10-da keçiriləcək iclasda ətraflı araşdırılmadan sonra artırıla bilər.

Evra Avropa Liqası matçının start fiti səslənməmiş meydandan qovulan ilk futbolçu kimi tarixə düşüb.