Azərbaycanda cinayətlərin açılması 1,2 faiz yaxşılaşıb FOTO


Digərləri 03 Noy 2017 20:00:00 283 0

Azərbaycanda cinayətlərin açılması 1,2 faiz yaxşılaşıb  FOTO

Noyabrın 3-də Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclası açaraq ötən həftə ölkəmizin ictimai-siyasi həyatında baş verən ən önəmli, taleyüklü hadisə kimi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyinin, yüksək təşkilatçılıq və diplomatik bacarığının nəticəsi olacaq, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsinin respublikamıza həm iqtisadi, həm də siyasi dividendlər gətirəcəyini, onun dünyada artan nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Bu siyasətin məntiqi davamı olaraq, möhtərəm dövlət başçımızın Tehranda Rusiya və İran prezidentləri ilə birlikdə "Şimal-Cənub nəqliyyat dəhlizi"nin çəkilməsinə dair yeni müqavilənin imzalaması milli maraqlar nəzərə alınmaqla həyata keçirilən balanslı siyasətin növbəti uğuru kimi dəyərləndirilib.

Sonra nazir DİN Kollegiyasının yeni üzvünü-Naxçıvan MR-in daxili işlər naziri, general-mayor Fazil Ələkbərovu iclas iştirakçılarına təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Daxili işlər naziri müzakirəyə çıxarılan məsələlərin aktuallığını, əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini diqqətə çatdırıb. O, cinayətlərin törədilməsində əvvəllər məhkum olunmuş şəxslərin rolu baxımından bu kontingentin əməliyyat nəzarətində saxlanılmasının zəruriliyini xatırladıb, onların cinayətkar əməllərinin vaxtında ifşasını qarşıda duran mühüm vəzifələrdən biri kimi qiymətləndirilib. Cinayətlərin qarşısının alınmasında və açılmasında polis sahə rəislərinin və inspektorlarının rolunun gücləndirilməsi də vacib məsələlərdən olmaqla bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun qurulması üçün son 10 ildə davamlı iş aparıldığı, müsbət nəticələr əldə edildiyi qeyd edilib.

Ölkədəki kriminogen duruma toxunan nazir daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin bütövlükdə qənaətbəxş olduğunu, əldə edilmiş müsbət təmayüllərin cari ilin 9 ayında da qorunub-saxlanıldığını diqqətə çatdırıb.

Bildirilib ki, göstərilən müddətdə DİN və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlərin açılması 1,2 faiz yaxşılaşaraq 85,5 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin, qəsdən adam öldürmələrin, odlu silahla törədilən cinayətlərin, dələduzluqların, avtonəqliyyat vasitələrinin qaçırılmasının, hədə-qorxu ilə tələb etmələrin, quldurluqların, soyğunçuluqların, habelə xuliqanlıqların, yol-nəqliyyat hadisələrinin, qəzalarda həlak olanların və xəsarət alanların sayı azalıb. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitələrinin qaçırılması cinayətlərinin açılması da yaxşılaşıb.


Xəbərə aid fotolar