ABŞ vergi islahatlarına dair qanun layihəsini açıqlayıb


İqtisadiyyat 03 Noy 2017 12:05:18 282 0

ABŞ vergi islahatlarına dair qanun layihəsini açıqlayıb

Yeni qanun orta sinif əhalini dəstəkləyəcək

ABŞ-da iqtidarda olan Republikaçılar Partiyası uzun zamandır gözlənilən vergi islahatları ilə bağlı qanun layihəsini ictimaiyyətə təqdim edib. Son.az "report"-a istinadən xəbər verir ki, "Vergi endirimləri və məşğulluq" adlanan bu qanun layihəsi ABŞ-da vergi qanunlarının 30 ildən sonra ilk dəfə dəyişdirilməsinə gətirib çıxaracaq.

Gözlənildiyi kimi, yeni qanunla vergi dərəcələrinin bir dəfədə və sabit olaraq 35%-dən 20%-ə endirilməsi hədəflənib. Konqresdən rahatlıqla keçə bilməsi üçün layihədə 39,6% olan ən yüksək vergi dərəcəsi saxlanılıb. Bu vergi dərəcəsi illik gəliri 500 min dollar, evlilər üçün isə 1 mln. dollardan çox olan vergi ödəyicilərinə aid ediləcək. 12%-lik vergi dərəcəsi isə illik gəliri 45 000 dollar (evlilərə 90 000), 25%-lik dərəcə 45 001-200 000 dollar olanlara (evlilərə 260 000 dollar), 200 000-500 000 dollar illik gəliri olanlara isə (evlilər üçün 1 mln. dollar) 35%-lik şamil olunacaq.

Nümayəndələr Palatasının sədri Pol Rayan (Paul Ryan) bildirib ki, yeni vergi islahatlarının ən böyük hədəfi orta sinif insanlara dəstək olmaqdır: "Vergi endirimləri və məşğulluq" qanunu 4 nəfərdən ibarət ailənin ildə 1 182 dollar qənaət etməsinə gətirib çıxaracaq. Bir çox ailə üçün bu, önəmli kömək mənası daşıyacaq".