Azərbaycanlı Quran qiraətçilərinin uğurlu çıxışı


Digərləri 03 Noy 2017 11:10:01 258 0

Azərbaycanlı Quran qiraətçilərinin uğurlu çıxışı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələr arasında hər il həyata keçirilən İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramının 2017-ci il üçün tədbirlər planı çərçivəsində İranın Şiraz şəhərində Beynəlxalq Quran müsabiqəsi keçirilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv ölkələr arasında hər il həyata keçirilən İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramının 2017-ci il üçün tədbirlər planı çərçivəsində İranın Şiraz şəhərində Beynəlxalq Quran müsabiqəsi keçirilib. İƏT Avrasiya Regional Mərkəzinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 17 ölkəni təmsil edən 56 iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Bakıdakı “Heydər Məscidi”nin imamı Rza Rzayev, Ağsu məscidinin imamı Elşən Rəhimli və Quran müəllimi İlkin Əliyev təmsil ediblər. İranın Gənclər və İdman nazirinin müavini, Şiraz vilayətinin başçısı, və digər yerli dövlət qurumları nümayəndələri, İƏT Gənclər Forumu rəhbər nümayəndələri, Türkiyə Diyanət Başkanlığı Quran Qiraəti Qurumunun başçısı, İstanbul şəhəri baş müftisi, eləcə də elm, mədəniyyət və media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin bağlanış mərasimində iştirakçılara sertifikatlar verilib və qaliblər elan edilib. Müsabiqə üzrə beynəlxalq münsiflər heyətinin qərarı ilə Azərbaycanı təmsil edən iştirakçılar 2-ci və 3-cü yerləri tutublar. Xatırladaq ki, İslam Dünyası Gənclər Paytaxtı beynəlxalq proqramı 2015-ci ildən etibarən İƏT Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilir, 2016-cı ildə İstanbul, 2017-ci ildə Malaziyanın Putracaya, İranın Şiraz və Mərakeşin Fəs şəhərləri İƏT Gənclər Paytaxtı seçiliblər. 2018-ci il üçün İƏT Gənclər Paytaxtı Fələstinin Qüds şəhəri elan olunub. “İƏT Gənclər Paytaxtı” proqamı çərçivəsində İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına və müxtəlif sahələr üzrə işbirliyinə yönəlmiş layihələrə dəstək, İƏT ölkələrinin bir biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici xarakterli tədbirlər həyata keçirilir. Bu ilin sonuna qədər qeyd olunan şəhərlərdə kino və nəsr əsərləri üzrə yaradıcı müsabiqələr, müsəlman gənclərinin beynəlxalq könüllük hərəkatında iştirakı, miqrasiya problemlərinin həlli, gənclərin start-up layihələrinə dəstək və s. istiqamətli tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.