Quba rayonunda qanunsuz ovlanmış ayı aşkarlanıb - FOTO


Sosial 03 Noy 2017 09:39:17 292 0

Quba rayonunda qanunsuz ovlanmış ayı aşkarlanıb - FOTO

Toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Quba rayonunda keçirilən reyd zamanı şöbənin əməkdaşları meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət etdiyini görərək onlarla danışmaq istəyiblər, lakin həmin şəxslər xurcunları və kisələri ataraq ərazidən uzaqlaşıblar.

Xurcun və kisələrin atıldığı əraziyə keçirilən baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və bir qədər aralıda ov tulası aşkar edilib. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub.

İlkin araşdırmalara görə qanun pozucularının Quba rayonu Qonaqkənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Cimi kənd sakini Pirməhəmməd Nemətov olduğu müəyyən edilib.

Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.