Çinin milyardlıq malları Azərbaycan üzərindən daşınsa...


Siyasət 03 Noy 2017 07:07:00 313 0

Çinin milyardlıq malları Azərbaycan üzərindən daşınsa...

Bu yolun Ermənistanda yaratdığı psixoloji sınma effekti hər şeyə dəyər

.

"Obyektiv yanaşanda Qafqaz və Orta Asiya çox da böyük bazarlar deyil. Çünki bura əhalinin çox sıx yaşadığı ərazilər sayılmır. Düzdür, Çinin sırf Qafqaz və Orta Asiya bazarında nəqliyyat dəhlizində yer almaq pis fikir deyil, amma iqtisadi-strateji mənada yeni TRASEKA xətti və Bakı-Tiflis-Qars dəmir yolu onlar üçün böyük əhəmiyyət daşımaya da bilər. Ona görə də Bakı-Tiflis-Qars dəmir yolu yalnız Çinin Avropa bazarlarına açılma faktoru nəzərə alınanda daha çox məna qazanır. Amma Çinin siyasi maraqları nəzərə alsaq, demək olar ki, yüzmilyardlarla qiymətləndirilən Çin mallarının bir hissəsi istər-istəməz bu yolla da daşınacaq". 

Bu barədə Son.az-a ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, beynəlxalq münasibətlər üzrə ekspert Elnur Soltanov yenicə fəaliyyətə başlamış Bakı-Tiflis-Qars dəmir yolunun perspektivlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Çinin məqsədi təkcə öz mallarını Avropa bazarlarında satmaq deyil, həm də bundan istifadə edib region ölkələrini bu dəyər zəncirinə bağlamaq və müəyyən siyasi mühit yaratmaqdır:  

Prezident İlham Əliyev və Birinci xanım Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak ediblər - FOTO   

"Çinin "bir kəmər-bir yol" konsepsiyasında söhbət trilyon dollara çatan investisiyalardan gedir. Məlumdur ki, Çin malları Avropaya qurudan tək ölkə olaraq Rusiya üzərindən gedir. Tək ölkədən keçmək 3-4 ölkədən keçməkdən daha asandır. Çünki müxtəlif gömrük qaydaları, müxtəlif rüsumlar var, amma bir ölkədə bir gömrük və bir rüsum var. Bu cəhətdən Rusiya daha əlverişli ola bilər. Yüklər açıq dənizlərlə göndəriləndə də ciddi əngəllərə rast gəlinmir, eyni zamanda ucuz başa gəlir, amma çox vaxt aparır. Demək istəyirəm ki, Rusiya ilə bağlı iki məsələ var. Əvvəla, Çin Rusiya ilə münasibətlərini yaxşı saxlamağa çalışacaq və bir ölkə üzərindən getmək onun üçün sərfəli ola bilər. Amma bir ölkənin üstünlüyü olduğu kimi, çatışmazlığı da var. Belə ki, həmin ölkə monopoliyaya sahib olur və qiymətləri istədiyi kimi müəyyənləşdirə bilir. Ona görə də alternativlərin olması iqtisadi baxımdan hər zaman sərfəlidir. Belə olan halda danışıqlarda qiyməti aşağı düşürmək olur.

Siyasi məqsədləri də olduğuna görə, Çin Rusiyadan keçən nəqliyyat dəhlizində qalacaq və yüklərini tam çəkib Azərbaycan üzərindən keçən dəhlizlə göndərməyəcək. Amma Çinin məqsədi Orta Asiya və Cənubi Qafqaz ölkələrini bu prosesə cəlb etməkdir. Ona görə də Çinin bu siyasi maraqları nəzərə alınsa, onda belə çıxır ki, öz mallarının bir hissəsi istər-istəməz bu yolla da daşıyacaq".

Bu hələ başlanğıcdır - Milyardları qazanmaq üçün çalışmaq lazımdır...  

Amma Mərkəzin direktoru hesab edir ki, bu, asan başa gəlməyəcək: "Belə ki, yüklər bir neçə ölkənin ərazisindən keçəcək. Ona görə də həmin ölkələr sərhəd-gömrük qaydalarını sadələşdirməli, rüsumları həm aşağı endirməli, həm də eyniləşdirməli, eyni zamanda ortaya çıxan problemlərin həllini tezləşdirməlidirlər. Çünki burada istər-istəməz problemlər yaşanacaq. Digər tərəfdən, qatarların Asiyadan gəlib Xəzər dənizində paromlara yüklənməsi, Ələtdə yenidən paromlardan dəmiryoluna qoyulması, daha sonra Türkiyə ərazisində dəmir yolu relslərinin ara məsafəsinin fərqliliyinə görə əlavə tədbirlərin görülməsi və s. mürəkkəb logistik əməliyyatlar xərcləri artıra bilər. Ona görə də bu layihə ölkələr arasında güclü koordinasiya tələb edir. Buna nail olmaq isə heç də asan olmayacaq. Düzdür, Azərbaycanın Gürcüstan və Türkiyə ilə sıx əməkdaşlığı və onlarla tariflərdə razılığa daha tez gələ bilmə ehtimalı var. Amma Orta Asiya ölkələri ilə belə bir təcrübə yoxdur. Ona görə də bu çətin başlanğıcdır. Lakin mənə elə gəlir ki, bütün hallarda alternativ yolun mövcudluğu və Çinin siyasi maraqlarının olması bu dəmiryolunun kifayət qədər işlək və dolu olmasına gətirib çıxaracaq".

BTQ iqtisadi inkişafa təkan olacaq, yeni istehsal və xidmət sahələri yaranacaq  

E.Soltanovun fikrincə, bu, nəticədə həm Azərbaycanın strateji əhəmiyyətini artıracaq, həm ölkəmizə pul qazandıracaq, həm də ondan iqtisadi inkişafa dəstək üçün istifadə edilməsinə şərait yaradacaq: "Çünki bizim daha məqsədimiz malların sadəcə üzərindən keçdiyi bir ölkə yox, həm də yükün anbarlaşdırılması, o yüklərdən istifadə edərək əlavə dəyərin, yeni istehsal və xidmət sahələrinin yaradıldığı bir yerə çevrilməkdir. Bu baxımdan Bakı-Tiflis-Qars çox uğurlu başlanğıcdır. Maraqlısı odur ki, dünya tarixinə baxanda görürük ki, bu cür şeylər heç də Azərbaycan miqyaslı bir ölkənin hər gün həyata keçirdiyi layihələr deyil. Azərbaycan sanki yenə də çəkisindən yuxarı zərbə endirir. Bu, təxminən 1 milyard dollar xərclənmiş və böyük çətinliklərlə ərsəyə gəlmiş bir layihədir. Onun həyata keçməsinin yeganə səbəbi də Azərbaycandır. Düzdür, Türkiyənin dəstəyi çox əhəmiyyətlidir, amma Azərbaycanı bu sıradan çıxarsaq, bu layihə gerçəkləşməyəcəkdi". Ekspertin qənaətincə, bu layihənin yalnız Ermənistan üzərində yaratdığı sırf psixoloji təsirini nəzərə alaraq, onu artıq uğurlu saymaq olar: "Yəni bundan sonra bu dəmir yolundan 1 qəpik də pul qazanmasaq, hərçənd, bu mümkün deyil, onun Ermənistan üzərində yaratdığı psixoloji sınma effekti hər şeyə dəyər. Bu bizim elə ən böyük qazancımızdır. Ermənistana belə zərbələrlə həmin o son, əsas günə qədər olan məsafəni və vaxtı xeyli qısaldacağıq".

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində