Azərbaycanda hüquqi şəxsi məhkəmədə nümayəndə kimi yalnız həmin idarədə çalışan şəxs təmsil edə biləcək


Digərləri 02 Noy 2017 17:21:25 143 0

Azərbaycanda hüquqi şəxsi məhkəmədə nümayəndə kimi yalnız həmin idarədə çalışan şəxs təmsil edə biləcək

Bununla bağlı Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib

Azərbaycanda hüquqi şəxsi məhkəmədə yalnız həmin idarə və təşkilatda çalışan şəxs və ya vəkil təmsil edə bilər.

“Report”un xəbərinə görə, bu, Mülki Prosessual Məcəlləyə edilmiş dəyişiklikdə nəzərdə tutulub.

Məcəllənin 69-cu (Nümayəndə vasitəsi ilə işin aparılması) maddəsinin 2-ci cümləsi yeni redaksiyada verilib.

Dəyişikliyə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

Maddənin hazırki bəndi isə belədir: Hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar.

Qeyd edək ki, ümumilikdə, nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutuan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi oktyabrın 31-də Milli Məclisin plenar iclasında müzakirə edilib və bəzi deputatların etirazı ilə müşahidə edilən müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qanun Prezident tərəfindən imzalanarsa, dəyişikliklər dekabrın 1-də qüvvəyə minəcək.