6 dəfə məhkum olduqdan sonra da qadınları aldadıb soyurmuş


Digərləri 02 Noy 2017 14:18:00 300 0

6 dəfə məhkum olduqdan sonra da qadınları aldadıb soyurmuş

Bakıda qadınları aldadaraq çantasından oğurluq etməkdə təqsirləndirilən 1972-ci il təvəllüdlü Məmmədov Cəlal Məmmədyar oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.   Hakimlər kollegiyasının hökmünə əsasən C.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.   Məhkəmədə məlum olub ki, C.Məmmədov Bakıda müxtəlif ərazilərdə xanımlara yaxınlaşaraq onların çantalarından oğurluq edib.   Belə ki, o, avtobusa minən, avtomobil yolunu keçən xanımlara yaxınlaşaraq çantalarına kömək etməyi təklif edib. Əsasən də, yaşlı qadınların etibarından sui-istifadə edən C.Məmmədov həmin xanımların çantasından nağd pul və dəyərli əşyaları götürürmüş.   O da məlum olub ki, C.Məmmədov əvvəllər iki dəfə talama əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib. Bir neçə dəfə də oğurluğa görə tutulub. C.Məmmədovun 6 dəfə məhkumluq həyatı yaşadığı da üzə çıxıb.   O, sonuncu əməlində oğurluqda və dələduzluqda ittiham edilib. C.Məmmədov Bakının Nərimanov rayonunda qadının çantasından oğurluq edən zaman ətrafda olanların səyi ilə cinayət başında tutulub və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.   O, Bəsti Bayramovanın çantasından 50 manat və bankomat kartı oğurlamağa cəhd edib.