“Qoca”nı qaçıran avtomobildən 2 tapança və qumbara aşkarlanıb - RƏSMİ


Sosial 02 Noy 2017 12:34:15 259 0

“Qoca”nı qaçıran avtomobildən 2 tapança və qumbara aşkarlanıb - RƏSMİ

Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri "Qoca" ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda deyilir ki, 2017-ci il oktyabr ayının 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

Məlumatın dəqiqləşdirilməsi məqsədi ilə aparılan yoxlamalarla Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.

Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılaraq tutulub.

Cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd "Makarov" markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülüb.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.