Bakıda qadınların çantasından oğurluq edən şəxsə hökm oxunub


Sosial 02 Noy 2017 12:35:53 233 0

Bakıda qadınların çantasından oğurluq edən şəxsə hökm oxunub

O, 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, C.Məmmədov Bakıda müxtəlif ərazilərdə qadınlara yaxınlaşaraq onların çantalarından oğurluq edib.

Belə ki, o, avtobusa minən, avtomobil yolunu keçən xanımlara yaxınlaşaraq çantalarına kömək etməyi təklif edib. Əsasən də yaşlı qadınların etibarından sui-istifadə edib. C.Məmmədov həmin qadınların çantasından nağd pul və dəyərli əşyaları götürərək ərazidən uzaqlaşıb.

Məhkəmədə məlum olub ki, C.Məmmədov əvvəllər iki dəfə talama əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib. Bir neçə dəfə də oğurluğa görə tutulub. Onun 6 dəfə məhkumluq həyatı yaşadığı üzə çıxıb.

C.Məmmədov sonuncu əməlində oğurluqda və dələduzluqda ittiham edilib. O, Bakının Nərimanov rayonunda qadının çantasından oğurluq edən zaman ətrafda olanların səyi ilə cinayər başında tutulub və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Bundan başqa, C.Məmmədov Bəsti Bayramovanın çantasından 50 manat və bankomat kartı oğurlamağa cəhd edib.