SKMF-ə gələn il üçün 270 mln. manatlıq layihələr təqdim olunub


İqtisadiyyat 02 Noy 2017 12:03:30 265 0

SKMF-ə gələn il üçün 270 mln. manatlıq layihələr təqdim olunub

Bu ilin sonuna kimi isə sahibkarlara əlavə minimum 45 mln. manat güzəştli kredit veriləcək

Azərbaycanda bu ilin sonuna kimi sahibkarlara dövlət xətti ilə əlavə minimum 45 mln. manat güzəştli kredit vəsaiti veriləcək. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayevin sözlərinə görə, artıq layihələr də müəyyənləşib: “SKMF-in maliyyə yardımı ilə Pirallahı rayonunda yaradılan şpris istehsalı zavodu daxili tələbatı 100% ödəyəcək. Prezidentin tapşırığı ilə son illər SKMF-in xətti ilə kiçik və orta biznesin inkişafına 393,4 mln. manat yönəldilib. Bu istiqamətdə 300 hektara yaxın müasir tipli istixana maliyyələşdirilib”.

SKMF rəsmisi deyib ki, yaxın gələcəkdə 3 500 ha yeni zeytun bağları salınacaq: “Bizə iqtisadi cəhətdən əsaslandırılmış zeytun və badam bağlarının salınması layihəsi təqdim olunub. Bu istiqamətdə SKMF-in geniş təcrübəsi var. Bir neçə il bundan əvvəl Zirə qəsəbəsində 240 ha-ya yaxın müasir zeytun bağı salınmışdı. Orada zeytun emalı müəssisəsi fəaliyyət göstərir. Həmçinin, yeni zeytun tingçiliyi müəssisəsi fəaliyyət göstərir. Yaxın zamanlarda Abşeron yarımadasında 3 500 ha ərazidə yeni zeytun bağlarının salınması və mövcud zeytun bağlarının bərpası layihəsinə başlayırıq. Bu layihə də SKMF tərəfindən maliyyələşdiriləcək”.

Ş.Abdullayev 2018-ci il üçün müəyyən edilən layihələrin maliyyələşməsi prosesinə artıq başlandığını deyib: “Demək olar ki, 2018-ci il üçün layihələrin maliyyələşdirilmə prosesi başlayıb. Artıq bizdə sahibkarlar tərəfindən 270 mln. manatlıq əsaslandırılmış layihələr var. Onlara banklar tərəfindən baxılır və bu layihələrin maliyyələşməsini 2018-ci ildən təmin edəcəyik”.