Bakıda "Qoca” ləqəbli dustaq Etibar Məmmədov həbs olunub


Sosial 02 Noy 2017 02:06:58 287 0

Bakıda "Qoca” ləqəbli dustaq Etibar Məmmədov həbs olunub

O, Qaradağ rayonunda yaxalanıb

Bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov həbs olunub.

"Report"un məlumatına görə, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Qaradağ rayonunda yaxalanıb.

Əməliyyat zamanı silahlı insident baş verib, ölən və yaralanan var. 

Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib.