SOCAR Novorossiysk limanından ixracı 27% artırıb


İqtisadiyyat 01 Noy 2017 18:00:00 270 0

SOCAR Novorossiysk limanından ixracı 27% artırıb

Ötən ay ixrac olunan xam neftin həcmi illik müqayisədə 6% artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 1 242 679 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 84 975 tonu oktyabr ayında ixrac olunub.

Bu ilin 10 ayı ərzində Novorossiysk limanından ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 27%, ötən ay ixrac olunan xam neftin həcmi isə ötən ilin oktyabrından 6% çoxdur.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.