Özünə kredit götürmək istədi, bankda ŞOKa düşdü


Digərləri 01 Noy 2017 13:31:00 396 0

Özünə kredit götürmək istədi, bankda ŞOKa düşdü

Azərbaycan Beynəlxalq Bankının Şamaxı filialının direktoru olmuş Əlisultan Məmmədov və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Sərdar Həsənov ifadə verib.   O deyib ki, Əlisultan Məmmədovla qohumdur: "Bankın direktoru idi. Çağırıb dedi ki, kreditə pul lazımdır. Mənim adıma götürdülər. İlk dəfə 3 min manat, sonra isə bu məbləği 10 min manata qədər artırdılar. Bir neçə dəfə krediti bağlayıb və yenidən götürüblər".   Zərərçəkmiş deyib ki, adına kredit götürüldüyü zaman sənədlərə qol çəkib, kassadan pulu götürüb və Ə.Məmmədova verib. Amma puldan heç bir məbləğin ona çatmadığını deyib.   Söyləyib ki, bir müddət sonra onun aylıq əmək haqqından kreditin pulu tutulub: "Əvvəl 170 manat tutulurdu. Əlisoltan mənə bu pulu qaytarırdı. Amma bir müddət sonra vermədi. Mənim maaşımdan da 400-500 manat tutulmağa başlanıldı. Bu zaman öyrəndim ki, adıma 10 kredit var. Mən də dedim ki, pulu bağla. Aldığım bütün maaşı bank tuturdu. Əvvəl dedi ödəyəcəyəm. Sonra dedi ki, ödəmirəm".   Zərərçəkmiş deyib ki, təqsirləndirilən Ə.Məmmədovun sürücüsü işləyib. İndi də həmin vəzifədə çalışır, amma maaş ala bilmir.   Digər zərərçəkmiş Məhəmməd Həsənov da məhkəmədə ifadə verib və təqsirləndirilən Ə.Məmmədovla qohum olduğunu söyləyib. Qeyd edib ki, bacanağına pul lazım olub. Bu məqsədlə də Əlisultan Məmmədovla aralarında danışıq olub:   "Bacanağım Moskvaya gedirdi. Əlisultana dedi ki, evini girov qoyub kredit götürsün. Amma həmin zaman alınmadı. Bacanağım dedi ki, əgər lazım olsa, bütün sənədləri mən həll edərəm. 2-3 ay keçəndən sonra Əlisultan zəng elədi ki, banka gəl. Gedib sənədlərə qol çəkdim. Bilmədim nə üçündür. Amma onu bilirdim ki, bacanağım 15 min dollar kredit istəmişdi".   Zərərçəkmiş əlavə edib ki, sonradan özünə kredit götürmək istəyəndə bankda şoka düşüb, öyrənib ki, adına kredit var:   "İmzaladığım sənədlərin bacanağım üçün lazım olduğunu düşünmüşdüm. Mən Bakıda bankdan kredit götürmək istəyirdim. Özüm usta işləyirəm. Biz işimizlə bağlı avadanlıqlar almaq istəyirdik. Banka gedəndə sənədlərimə baxdılar. Dedilər ki, adına 15 min dollar kredit olduğu üçün sənə kredit verə bilməzlər. Mən də Əlisultana zəng elədim. Dedi ki, anlaşılmazlıq olub".   Məhkəmədə məlum olub ki, zərərçəkmişin bacanağının adına götürülən 15 min dollar kredit Əlisultan Məmmədova verilib.    Qeyd edək ki, təqsirləndirilən şəxslər cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.