“ABAD”çı ailələrin məhsulları onlayn satışa çıxarıldı


Digərləri 01 Noy 2017 13:06:35 275 0

“ABAD”çı ailələrin məhsulları onlayn satışa çıxarıldı

1 noyabr tarixindən etibarən "ABAD" publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının məhsullarının onlayn satışına başlanılıb.

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, indi "ABAD" leybli və ailə brendləri altında təqdim olunan məhsulları www.abad.shop.az ünvanına daxil olaraq sifariş etmək mümkündür.

Onlayn satışların təşkilində məqsəd ailə təsərrüfatlarının hazırladıqları məhsulların daha geniş satışını təşkil etməkdir.

Alıcılar bəyəndikləri məhsul növünü (həm əl işləri, həm də ərzaq məhsulları) seçərək, növbəti mərhələdə öz əlaqə məlumatlarını daxil etdikdən sonra məhsulu sifariş edə bilərlər. Məhsullara görə ödəniş nağdsız qaydada aparılır. Satışlardan əldə olunmuş vəsait birbaşa "ABAD"çı ailələrin bank hesablarına köçürülür.

"ABAD"çı ailə təsərrüfatlarının məhsulları bütün gigiyena və uyğunluq göstəricilərinə tam cavab verir. Tərkibində heç bir konservantların olmadığı bu məhsullar həmçinin özünəməxsus və təbii dadı ilə fərqlənir.