BSU-da “Müasir psixologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib


Sosial 31 Okt 2017 18:00:00 501 0

BSU-da “Müasir psixologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib

Sağlam Gələcək Mərkəzi ilə Sosial-Psixoloji Xidmət Mərkəzi ailə institutu layihəsi çərçivəsində əməkdaşlıq edəcək

Bakı Slavyan Universitetində (BSU) “Müasir psixologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

"Report" xəbər verir ki, konfrans BSU-nin Pedaqogika və psixologiya kafedrası nəzdində fəaliyyət göstərən Sosial-Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Konfransda “Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin sədri Arzu Məsiyev, “Sağlam Gələcək Mərkəzi”nin təsisçisi və direktoru Orxan Şabanov, eləcə də psixoloq, psixoterapevt Süleyman Məmmədzadə iştirak ediblər.

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova iştirakçıları salamlayaraq qonaqları auditoriyaya təqdim edib. Prorektor Sosial-Psixoloji Ximət Mərkəzinin BSU-da keçirilən silsilə tədbirləri, aksiyaları, gəncləri maarifləndirmə istiqamətində təşkil olunan çoxlu sayda seminarlarını yüksək qiymətləndirib. X.Sultanova hazırkı dövrdə belə tədbirlərin gənc nəsil üçün böyük əhəmiyyətə malik olduğunu deyərək konfransın işinə uğurlar arzulayıb.

Konfransın moderatoru Pedaqogika və psixologiya kafedrasının dosenti Gülnarə Həsənova iştirakçılara Sosial-Psixoloji Xidmət Mərkəzinin işi barədə ətraflı məlumat verərək mərkəzin üçillik fəaliyyətini əks etdirən slaydı təqdim edib. Sosial-Psixoloji Xidmət Mərkəzinin bu illər ərzində mühüm layihələr həyata keçirdiyini qeyd edən G.Həsənova təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan BSU tələbələrinin qatıldığı maarifləndirici tədbirlər, yüksək nailiyyətlərinə görə aldıqları sertifikatlar və digər işlər barədə söz açıb. O bildirib ki, Sosial-Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə psixoloq tələbələr mütəmadi olaraq Bakıdakı “SOS” Uşaq Şəhərciyinə baş çəkir, oradakı uşaqlarla artıq peşəkar psixoloq kimi məşğul ola bilir, daim onlarla ünsiyyətə girir və uşaqların problemləri ilə maraqlanırlar.

Konfransda BSU-nun Pedaqogika və psixologiya fakültəsinin III kurs tələbələrinin müxtəlif mövzuları əhatə edən məruzələri dinlənilib. Həmin tələbələrdən Vəsilə Abdullayeva “Stress probleminin bəzi aspektləri”, Aydın Ağayev “Kiçik yaşlı çətin məktəbli uşaqlarla psixoloqun işi”, Jalə Əhmədova “Azərbaycanda inklüziv təhsilin inkişafının əsas istiqamətləri”, Sevil Bağırova “Uşaq yalanları ilə psixoloqun işi”, Firuzə Bağırova “Məktəbəqədər uşaqların tərbiyəsində rəğbətləndirmə və cəzalandırma problemi”, Orxan Mahmudov “Uğur psixologiyası”, Gültac Şahbazova “Kiçik məktəbli uşaqlarda art-terapiya elementlərindən istifadə” adlı məruzələrlə çıxış ediblər.

Konfransda tələbələrlə yanaşı, BSU nəzdində Məktəb-Lisey Kompleksinin və Sağlam Gələcək Mərkəzinin psixoloqu Yeganə Özçələbinin “Həyəcanlı uşaqlarla məktəb psixoloqunun işi” və Sağlam Gələcək Mərkəzinin psixoloqu Heyranxanım İbrahimovanın “Diqqət çatışmazlığı və hiperaktiv sindromu olan uşaqlarla psixoloqun işi” mövzusunda məruzələri dinlənilib.

Çıxışların ardından mövzular ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Sonda tədbirdə çıxış edən məruzəçilərə mərkəzin layihə rəhbəri və qonaqlar tərəfindən sertifikatlar təqdim olunub.

Bu arada Sağlam Gələcək Mərkəzi ilə Sosial-Psixoloji Xidmət Mərkəzi ailə institutu layihəsi çərçivəsində əməkdaşlıq edəcək.