Gömrük sistemində müsbət dəyişikliklərə doğru FOTO


Digərləri 31 Okt 2017 17:42:00 402 0

Gömrük sistemində müsbət dəyişikliklərə doğru  FOTO

Bakıda Dövlət Gömrük Komitəsi, "Caspian European Club" və "Caspian American Club"ın birgə təşkilatçılığı ilə biznes-forum keçirilib. Biznes-forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya və Türkiyədən olan 150-dən çox iş adamı, o cümlədən, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

"Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, "Caspian European Club" Xəzər-Qara və Baltik dənizi regionu ölkələri arasında beynəlxalq iqtisadi əlaqələrin nizamlanmasında mühüm rol oynayır. O, əlavə edib ki, " Caspian European Club"un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. "Caspian American Club"un yaradılması təşəbbüsü də Azərbaycanın dövlət başçısına məxsusdur.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev biznes-forumda çıxış edərək "bir pəncərə" prinsipinin daha da təkmilləşdirilməsi, "yaşıl dəhliz" və digər buraxılış sistemlərinin tətbiqi, həmçinin elektron xidmətlərdən istifadənin genişləndirilməsi, sənədləşmənin tam elektron formada həyata keçirilməsi, sertifikatlaşdırma prosesində vahid siyahının tərtibi və tətbiqi, tranzit potensialının artırılması barədə danışıb. Komitə sədri bildirib ki, 2017-ci ilin 6 ayı ərzində Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sayına görə dövlət qurumları arasında 4-cü sırada qərarlaşıb. O, vurğulayıb ki, görülən işlər ticarətin asan və sürətli şəkildə aparılmasına, gömrük nəzarətinin şəffaf şəkildə həyata keçirilməsinə, ümumilikdə biznes mühitinin və iqtisadiyyatın inkişafına təkan verib.

Daha sonra DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov, DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı, DGK Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti polkovnik-leytenantı Anar Süleymanov və DGK Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin Risk analizləri şöbəsinin rəisi Ziya Ağayev çıxış edərək görülən işlər barədə geniş məlumat veriblər.


Xəbərə aid fotolar