Sabiq nazir müavininin qohumunun məhkəməsində zərərçəkmiş ifadə verib - YENİLƏNİB


Sosial 31 Okt 2017 11:53:00 213 0

Sabiq nazir müavininin qohumunun məhkəməsində zərərçəkmiş ifadə verib - YENİLƏNİB

İttiham aktında R.Hüseynov zərərçəkmiş N.Mehdiyevə qarşı 52 min manatlıq dələduzluq etdiyi yazılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə daha sonra zərərçəkmiş Namiq Mehdiyev ifadə verib. O bildirib ki, R.Hüseynov onun 30 min 500 dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Hakim bildirib ki, ittiham aktında R.Hüseynov zərərçəkmiş N.Mehdiyevə qarşı 52 min manatlıq dələduzluq etdiyi yazılıb.

N.Mehdiyev də qeyd edib ki, təqsirləndirilən şəxs ona həmin pulların az miqdarda olan hissəsini qaytarıb: "Rahib mənə demişdi ki, guya iş qurub, pul qazanacağıq. Qazancın da 50 faizini böləcəyik. Sonra Rahib sözünə əməl etmədi. Uşağım xəstədir. Onun qapısına getdim ki, pulu versin. Amma o, mənim uşağımın xəstə olmasına belə əhəmiyyət vermədi. Vəkil Sevil xanım sadəcə bildirdi ki, "Allah şəfa versin". Hazırda mənə dostlarım yardım edir. Uşağım şikəst oldu. Bu adam mənim pulumla aldığı xarici maşında gəzir. Mən isə küçələrdə qalmışam".

Zərərçəkmiş söyləyib ki, onun şikayəti əsasında R.Hüseynov Binəqədi Rayon Polis İdarəsində saxlanılıb, sonra isə azadlığa buraxılıb: "Onun ölkədən çıxışına qadağa qoyulub".

R.Hüseynov bildirib ki, 2016-cı ilin oktyabrında barəsində cinayət işi başlanılıb, bir ay sonra isə həbs edilib. Daha sonra azadlığa buraxılıb.

Məhkəmənin növbəti iclası noyabrın 1-nə təyin edilib.

*** 11:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, o, külli miqdarda əmlakı ələ keçirib. Belə ki, R.Hüseynov zərərçəkmiş Qoşqar Zeynalovun 4 milyon 300 min manat pulunu dələduzluq yolu ilə mənimsəyib. O, "Azərbaycan Dəmiryolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə Q.Zeynalovu dələduzluq yolu ilə aldadıb.

Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib.

Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, R.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilir. Onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmədə araşdırılır.

E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov və R.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.