Canavarların kəndlərə hücumlarının əsl səbəbi açıqlandı


Digərləri 31 Okt 2017 07:56:00 295 0

Canavarların kəndlərə hücumlarının əsl səbəbi açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son zamanlar canavarların yaşayış məntəqələrinə hücum etməsi, belə halların çoxalması barədə səslənən fikirlərə münasibət bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bu hadisələrin baş verməsinin əsas səbəbini açıqlayıb.

Mütəxəssis deyib ki, çox zaman canavarların ac olması səbəbindən yaşayış məntəqələrinə hücum etdiyi fikri önə çəkilir. Lakin bu hadisələr əsasən həmin heyvanların yaşayış arealına müdaxilə səbəbindən baş verir: "Əvvəlki illərlə müqayisədə yaşayış məntəqələrinin, heyvandarlıq təsərrüfatlarının sayı həddindən çox artıb. Təsərrüfatların sayı artqıca da heyvanların yaşayış arealına müdaxilə olunur. Söhbət ondan gedir ki, canavarlar aclıqdan hücum etmirlər, onlar meşədə qidalanırlar, yaşayış məntəqələrinin və təsərrüfatların genişlənməsi onların hücum etməsinin əsas səbəblərindəndir".

R.Mirzəyevin sözlərinə görə, Azərbaycan 1999-cu ildə Avropanın Yabanı Flora və Vəhşi Faunanın Mühafizəsi üzrə Konvensiyaya qoşulub. Azərbaycanın həmin ildə də ratifikasiya edilən konvensiyanın öhdəliklərini yerinə yetirdiyini deyən R.Mirzəyev qeyd edib ki, sənədin əsas tələblərindən biri canavarların mühafizə edilməsidir.

Nazirlik rəsmisi əlavə edib ki, canavarların təqib edilərək ovlanması qanunvericiliyə ziddir. Belə hala yol verən şəxslərin İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 1000-2000 manat məbləğində cərimələnməsi nəzərdə tutulur: "Lakin buna baxmayaraq, canavar insana hücum edərsə, təhlükəli şərait yaranarsa, insan özünümüdafiə üçün son zəruri tədbir kimi həmin heyvanı məhv edə bilər. Bu halda cərimələnmə həmin şəxslərə şamil olunmur. Amma canavarı təqib etməklə vurmaq qanun pozuntusu hesab edilir".