Azərbaycanın etno-caz ansamblı Fransanın Korsika adasında konsert verəcək


Digərləri 31 Okt 2017 02:57:14 157 0

Azərbaycanın etno-caz ansamblı Fransanın Korsika adasında konsert verəcək

Tədbir dekabrın 1-nə nəzərdə tutulub

Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı və Korsikanın Biquqliya şəhərinin meri, sabiq deputat Sovöğ Qandolfi-Şeitin dəvəti ilə respublikanın Əməkdar artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz ansamblının konserti olacaq.

“Report” un Fransa bürosu məlumat verir ki, Fransanın Korsika adasında konsert 1 dekabr tarixinə nəzərdə tutulub.

Aralıq dənizinin şimal hissəsində yerləşən və Fransanın tərkib hissəsi olan bu füsunkar təbiətə malik ada Fransanın quru ərazisindən 171 km uzaqlıqdadır. Fransanın bir çox bölgələrində böyük maraq və heyranlıqla qarşılanan Azərbaycan musiqisi bu dəfə bu möcüzəvi adanın sakinləri qarşısında səsləndiriləcək.

“Cəngi” ansamblının ifasında səslənəcək caz musiqisi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam musiqisi ilə cazın sintezindən ibarət olacaq. Konsertdə ənənəvi milli janrlar da yer alacaq. Udda Mircavad Cəfərov, pianoda Vasif Hüseynli, tarda Mircavid Cəfərov, zərb alətlərində İsgəndər Ələsgərov gitarada Ruslan Hüseynov ifa edəcəklər.

Qeyd edək ki, qrup məşhur bəstəkar və musiqiçi Rafiq Babayev tərəfindən 1992-ci ildə yaradılıb və 2002-ci ildən Azərbaycan Əməkdar artisti Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir.

Vüsalə İsmətqızı