Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə həsr olunan poçt markası buraxılıb


İqtisadiyyat 30 Okt 2017 17:32:23 264 0

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə həsr olunan poçt markası buraxılıb

Markanın ölçüsü 76x39 mm, nominalı 1,50 manat, tirajı isə 10 min ədəddir

“Azərpoçt” MMC-də Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma mərasimi keçirilib. “Report” xəbər verir ki, tədbirdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyə Poçt və Teleqraf Təşkilatının nümayəndələri iştirak ediblər.

Nazirliyin nümayəndəsi Tahir Məmmədov qeyd edib ki, BTQ dəmiryol xətti poçt daşımalarında da böyük əhəmiyyət daşıyacaq.

Nazirliyin əməkdaşı BTQ dəmiryolu xəttinə ilk qatarın yola düşməsi ilə yadda qalan tarixi hadisəyə həsr etdikləri poçt markasının buraxılması təşəbbüsünə görə Türkiyə Poçt və Teleqraf Təşkilatına və markanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Türkiyə Poçt və Teleqraf Təşkilatının poçt direktor müavini Gürbüz Akbulut BTQ layihəsinin iqtisadi üstünlüklərindən danışıb. Bununla yanaşı, dəmiryol xəttinin yük, sərnişin, poçt axını ilə yanaşı, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracağını və ölkələrin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcəyini söyləyib.

Sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına həsr olunmuş marka imzalanıb və auditoriyaya təqdim olunub. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxılıb.

Ümumilikdə 10 min tirajla istehsal olunan Azərbaycan-Türkiyə birgə markası Türkiyə Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilib. Markanın blok ölçüsü 115x75 mm, ölçüsü 76x39mm və nominalı 1,50 manatdır.