Səfir: "ABŞ Azərbaycanla sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq edir" FOTO


Siyasət 30 Okt 2017 11:07:00 254 0

Səfir: "ABŞ Azərbaycanla sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq edir"  FOTO

Bu gün Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) idarəsi Kommersiya Tipli Dəmir Yollarında Qadağalara dair təlimə başlayıb.

Təlimin açılış mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, EXBS proqramının Azərbaycan və Gürcüstanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq tarixi var:

"Biz kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ümumi məqsədləri bölüşürük. Birləşmiş Ştatlar, Azərbaycan və Gürcüstanla sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq edir və bu cür əməkdaşlıq ölkələrimiz arasındakı əla tərəfdaşlığı gücləndirməyi davam edir. Bu təlim ölkələrimizin kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına, həmçinin Azəbaycan və Gürcüstanın qeyri-qanuni yüklərin aşkarlama və onların daşınmasına qadağa qoyulması sahəsində sübut olunmuş icra bacarıqlarının artırılmasına dair götürdüyü uzunmüddətli öhdəliyi numayiş etdirir. EXBS 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və 26.3 milyon ABŞ dolları məbləğində təlim, avadanlıq və dəstəyini təmin etmişdir".

Daha sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov təlimin əhəmiyyətindən danışıb və bu cür təlimlərin vacib olduğunu bildirib. O qeyd edib ki, bu təlim qeyri-qanuni yüklərin aşkarlanmasında iştirakçıların bilik və bacarıqlarını artıracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, 30 oktyabr-3 noyabr tarixlərində davam edəcək təlimdə Birləşmiş Ştatlardan olan mütəxəssislər beynəlxalq sərhədlərdən keçən sərnişin və yük qatarlarını yoxlayan Azərbaycanın və Gürcüstanın sərhəd mühafizəçiləri ilə müdaxiləsiz (qeyri intruziv) yoxlama avadanlığının istifadəsi də daxil olmaqla yoxlama üsullarını və ən yaxşı təlim-təcrübələri bölüşəcəklər.

12 Azərbaycan və eyni sayda Gürcüstan gömrük işçiləri qaçaqmalçılıqla bağlı problemləri həll etmək üçün qarışıq heyətlərdən ibarət kursda iştirak edəcəklər. Praktik məşğələlər yük və sərnişin vaqonlarında qaçaq malın axtarışlarını əhatə edəcəkdir.

Bu təlimin məqsədi qeyri-qanuni yüklərin aşkarlanması və qeyri-qanuni daşınmalarının qarşısının alınması sahəsində Azərbaycan və Gürcüstanın təcrübələrinin artırılmasıdır. Azərbaycan və Gürcüstanın Avropa, Asiya və Orta Şərqin kəsişməsində yerləşən coğrafi mövqeyi, Rusiya, Ermanistan və İranla həmsərhəd olması, kütləvi qırğın silahlarının yayılmanın qarşısının alınması və sərhədlərin qorunması üzrə ABŞ-Azərbaycan-Gürcüstan strateji əməkdaşlığın möhkəmləndirilməsini vacib edir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində