Avropalı deputat: Azərbaycan-Aİ ticarət sazişi üzrə danışıqlara dair məruzə hazırlanacaq


Siyasət 29 Okt 2017 18:57:05 275 0

Avropalı deputat: Azərbaycan-Aİ ticarət sazişi üzrə danışıqlara dair məruzə hazırlanacaq

Norika Nikolai: "Avropa İttifaqının Azərbaycana ehtiyacı olduğunu çoxları başa düşüb"

Cari ilin sonunadək Azərbaycan və Avropa İttifaqı arasında ticarət sazişi üzrə danışıqların yekunu ilə bağlı məruzə hazır olacaq.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Avropa Parlamentinin Rumıniyadan olan deputatı Norika Nikolai deyib.

Avropalı parlamentari bir neçə ay öncə başlanan danışıqların müsbət nəticə ilə yekunlaşacağına ümid etdiyini bildirib. "İstər Avropa İttifaqı, istərsə də Azərbaycan çox yaxşı başa düşür ki, onların əməkdaşlığının xüsusi rolu nədən ibarətdir", - deyə N. Nikolai qeyd edib.

O, son vaxtlar bəzi KİV-də Azərbaycanın ünvanına hücumları müşahidə etdiyini də bildirib. Əlavə edib ki, Azərbaycan prezidenti və hökumətinə qarşı yönələn bu hücumlar sadə təbliğat iddialarıdır, hansı ki, burada xarici amillər tərəfindən çox açıq mövqe müəyyən edilir: "Ola bilsin ki, bu, Ermənistandır, Rusiyadır, və ya başqa bir ölkədir. Bütün iddialar Avropa Parlamentində həqiqətə təsir etmir və bu ilin sonunadək məruzə hazırlanacaq. Və bu, əlbəttə, əlaqələrdə sıçrayışa səbəb olacaq. Şərq Tərəfdaşlığının Azərbaycanın bir Avropa ölkəsi olduğunu təsdiq edəcəyini gözləyirəm. Hansı ki, bu ölkə ilə Avropa İttifaqı mütləq əməkdaşlıq etməlidir.

Hesab edirəm ki, Azərbaycanın ünvanına yönələn və həqiqəti əks etdirməyən iddialar bu ölkə ilə Avropa İttifaqı arasında əlaqələri pozmağa hesablanıb. Amma bütün bunlar bizim güclü siyasi münasibətlərimizin davam etdirilməsi qərarına təsir edə bilməyəcəklər".

Avropa parlamentarisi Azərbaycanın Avronestlə münasibətlərinə də toxunub. Bildirib ki, son zamanlar Azərbaycan qurumda fəaldır və onlar azərbaycanlı həmkarları ilə çox yaxşı əməkdaşlıq edir. "Azərbaycanın Avronestə qayıtması Avropa İttifaqına faydalı olduğu kimi, bu ölkəyə də faydalıdır. Şadam ki, Brüsseldə Avropa İttifaqının Azərbaycana ehtiyacı olduğunu çoxları başa düşüb",- deyə o, əlavə edib.