Yarıçılpaq fotosessiyaya çəkilən azərbaycanlı model:


Şou-biznes 29 Okt 2017 13:00:00 324 0

Yarıçılpaq fotosessiyaya çəkilən azərbaycanlı model:

- Alt geyimləri markasının reklamı üçün yarıçılpaq fotosessiyaya çəkilmisiniz. Qalmaqala səbəb olan həmin çəkiliş barədə fikirlərinizi bölüşməyinizi istərdik...

Son.az oxu.az-a istinadən alt geyimləri markalarından birinin yay kolleksiyası üçün yarıçılpaq fotosessiyaya çəkilməklə sosial mediada rezonans doğuran fotomodel Nərgiz İsayeva ilə müsahibəni təqdim edir:

- Alt geyimləri reklamında çəkilmək üçün model axtarırdılar. Nəticədə mən seçildim və həmin fotosessiyaya çəkildim. İnsanlara elə gəlir ki, bu cür açıq-saçıq fotosessiyalara çəkilmək çox asandır. Əslində, belə deyil. Yarıçılpaq vəziyyətdə müxtəlif pozalar vermək, əlbəttə, çətindir. Lakin mən bu çətinliyin öhdəsindən gəlməyi bacardım. Çəkiliş təsəvvür etdiyimdən də yaxşı alındı. Maraqlı fotoşəkillər ərsəyə gəldi.

- Nəyə görə bu cür fotosessiya ilə gündəmə gəlmək istədiniz? Belə məşhurlaşmaq daha asan idi?

- Əvvəlcədən beynimdə "Məşhur olmaq üçün soyunmalıyam" kimi fikirlər yox idi. Təsadüfən belə alındı. Həmin ərəfədə mən karyerama yeni başlayırdım və təsadüfdən bu cür təklif aldım. Tərəddüd etmədən qəbul etdim. Çünki model səhnə, podium, reklam çəkilişlərində müxtəlif geyim və obrazlarda öz gözəl bədən quruluşunu çəkinmədən, utanmadan nümayiş etdirməyi bacarmalıdır.

Sosial şəbəkələrdə də bu qədər  rezonans doğuracağını gözləmirdim. Bu şəkillər saytda yayımlandıqdan bir neçə saat sonra mənimlə müsahibə etmək üçün zəng edənlər də çox oldu.

- Sizcə, həmin fotosessiyanı gözəl incəsənət nümunəsi kimi dəyərləndirmək olar?

- Hər bir halda istənilən çəkiliş incəsənətdir. Bu sözü həmin fotosessiya barəsində də demək olar. Bu fotoları izləyəndə kimsə zövq ala bilirsə, deməli, bu da gözəl incəsənət nümunəsidir.

- İctimaiyyət arasında həmin fotoşəkillərə görə sizə yaxınlaşıb irad bildirənlər, təhqir edənlər olur?

- Bəli, olur. Həmin fotosessiyadan bir gün sonra mənə yaxınlaşaraq təhqir etmişdilər. Bunu, əsasən, qadınlar edir.  "Baxanda, görünür, sən necə insansan", "Sən russan, ona görə belə edirsən" və bu kimi ifadələr səsləndirirlər. Milliyyətimə gəlincə, anam yarı azərbaycanlı-yarı rus, atam isə azərbaycanlıdır. Məncə, açıq-saçıq, qalmaqallı fotoşəkillərlə gündəmə gəlməyin milliyətlə heç bir əlaqəsi yoxdur. Bunu yalnız dar düşüncəli insanlar söyləyə bilərlər. Sosial şəbəkələrdə də mənim barəmdə təhqiredici ifadələr səsləndirirlər.  Lakin mən bunları normal qarşılayır, əhəmiyyət vermirəm, qoy danışsınlar və yazsınlar.

- Məşhur modellər müsahibələrində yeniyetməlik çağlarında lağ obyekti olduqlarını dəfələrlə etiraf ediblər. Sizi model olmağa ətrafdakıların hansısa ifadəsi təhrik edibmi?

- Xeyr. Mən uşaqlıqdan həmişə model olmağı arzu etmişəm. Lakin boyumun uzunluğu modellik standartlarına cavab vermədiyindən fotomodel olmağı seçdim.

- Plastik-estetik cərrahi əməliyyatlar keçirmisiniz?

- Xeyr. Bundan çox qorxuram və istəmirəm.

- Müəyyən yaşdan sonra buna ehtiyac duyanda nə edəcəksiniz?

- Ehtiyac olarsa, bu barədə fikirləşərəm.