Azərbaycanın iki universiteti Tbilisidə keçirilən Beynəlxalq Təhsil Sərgisində təmsil olunur


İqtisadiyyat 29 Okt 2017 12:55:22 299 0

Azərbaycanın iki universiteti Tbilisidə keçirilən Beynəlxalq Təhsil Sərgisində təmsil olunur

Sərgi iştirakçıları Azərbaycan universitetlərinin imkanları, perspektivləri barədə geniş məlumat alıblar

Oktyabrın 29-da Tbilisidə Beynəlxalq Təhsil Sərgisi açılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, sərgidə ölkəmizi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Azərbaycan-Fransa Universiteti (UFAZ) təmsil edir.

Hər iki universitetin əməkdaşları Nəzrin Mirzəyeva və Leyla Nağıyeva Azərbaycan guşəsinə yaxınlaşan tələbələrə, maraqlanan digər şəxslərə bu iki ali təhsil ocağının üstünlükləri, nüfuzu, perspektivləri barədə ətraflı məlumat veriblər.

UFAZ-ın tələbələrə həm Azərbaycan, həm də Strasburq Universitetinin diplomlarını verməsi sərgiyə gələnlərin marağına səbəb olub.

İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin müəlliməsi Xatuna Ştaadze "Report"a açıqlamasında bunları deyib:

"Dünyada tək-tək universitetlər var ki, tələbələrə xarici dildə təhsil və beynəlxalq miqyaslı diplomlar verir. ADNSU-nun beynəlxalq nüfuzu barədə bilirdim. Amma burada UFAZ-ı görmək mənim üçün gözlənilməz və çox maraqlı oldu. İnanıram ki, gənclər, mühəndislik üzrə dünyada şöhrət qazanmış UFAZ-da təhsil almağa çalışacaqlar".

Tbilisi Dövlət Universitetinin tələbəsi Dato Sulikvadze də ADNSU və UFAZ haqqında məlumat almaqdan məmnun qaldığını deyib:

"Arzum yaxşı mühəndis olmaqdır. Bunun üçün yaxşı təhsil verən universitet axtarıram. UFAZ və ADNSU məndə böyük maraq oyatdı. Bu barədə düşünəcəyəm".

Sərgi iştirakçıları Azərbaycan universitetlərinin imkanları, perspektivləri barədə geniş məlumat alıblar.