Hicabın yasaqlanmasını dəstəkləyən müsəlman qadın:


Digərləri 28 Okt 2017 19:16:00 272 0

Hicabın yasaqlanmasını dəstəkləyən müsəlman qadın:

Pakistan əsilli Qanta Əhməd "The Spectator" məcmuəsində yazır ki, o bir müsəlman kimi niqabın qadağan edilməsi hüququnu dəstəkləyir. O həm də yazır ki, nəhayət Avropa Ədalət Məhkəməsi Avropa dəyərlərinin müdafiəsinə qalxdı.Xanım Əhməd davam edir: "Mən Britaniya ailəsində mömin müsəlman kimi tərbiyə edilmişəm. Mənə öyrədiblər ki, qadın öz davranışını, niqab da daxil özü müəyyən etməlidir. Biz o vaxt hicablanırıq ki, bunu azad şəkildə seçmiş oluruq".

"Ona görə də bütün müsəlman qadınların üzlərini örtməsi haqqında hökm məni təəccübləndirir".

Jurnalist yazır ki, belə hökmlərdən onun ailəsi və yəqin ki, milyonlarla insan da təəccüblənir.

Məqalədə deyilir ki, müsəlman qadınların mütləq niqablanması son illərdə kök salmış adətlərdəndir.

Xanım Əhməd yazır ki, bunun səbəbi İslamın sərtliyində yox, müsəlmanları təhqir etməkdən çəkinən Qərb mədəniyyətinin dözümlülüyündədir. Onun fikrincə beləcə heç bir sazişsiz liberallarla ekstremistlər arasında bir növ anlaşma yaranıb.

Qanta Əhməd şaddır ki, belə bir vəziyyət nəhayət sona çatır.

O Belçika və Fransada işlədikləri şirkətləri Avropa Ədalət Məhkəməsinə vermiş iki müsəlman qadınla bağlı işləri xatırlayır.

Bu qadınlar şirkətlərdə onlara işə hicabda gəlməyi qadağan etdiklərinə görə məhkəməyə müraciət etmişdilər və məhkəmə şirkətlərin xeyrinə hökm çıxartdı.

Üstəlik hökmdə şirkətlərə öz işçilərinə nəinki niqab və burkanı, hətta adi hicabı da qadağan etmək icazəsi verildi.

Əslində bu hökm şirkətlərə də azad seçim verir. Əgər şirkət dini simvollara dözümlüdürsə, deməli işçi işə müsəlman qiyafəsində gələ bilər. Yox əgər belə bir icazə yoxdursa, onda işçi şirkətin daxili kodeksinin tələb etdiyi geyimdə gəlməlidir.

Qanta Əhməd yazır ki, əslində Avropa Ədalət məhkəməsi ictimai məkanı zəbt etməyə çalışan islamçılara qarşı və dünyəviliyin xeyrinə hökm çıxarıb.

Jurnalist izah edir ki, azad ictimai məkan hamıya lazımdır. "Bu məkan mənə öz dinimə sərbəst sitayiş etmək imkanı verir, amma başqalarının da öz dinlərinə sitayiş etmək haqqı var axı..."

"Quranda deyilir: Sənin dinin sənin dinindir, mənim dinim mənim" - yazır jurnalist.

Xanım Əhmədin fikrincə Britaniyada şirkətin işçilərinə hicabı qadağan etməsi hər bir mömin üçün yaxşı olardı.

Qanta Əhməd Səudiyyə Ərəbistanında həkim kimi çalışdığı iki ili xatırlayır. O yazır ki, bu ölkədə o da başqa qadınlar kimi başını, üzünü, vücudunu tam örtməli idi.

Xanım Əhməd yazır ki, bədəni boyaboy örtən əbanın nəinki həkim , hətta daha artıq pasient üçün nə qədər narahat və qeyri-praktik bir geyim olduğunu da həmin iki ildə dərk edib. Jurnalist yazır ki, o dəfələrlə ictimai məkanın din tərəfindən zəbt olunmasının şahidi olub.

Jurnalist qeyd edir: O yerdə ki, niqab məcburidir, deməli orda basqı var. Basqı isə İslamda qeyri-məqbul sayılır.

Qanta Əhmədin yazdığına görə erkən İslam dövründə üzü, saçı və ya vücudu örtən ximar - parça haqqında heç bir məlumat yoxdur.