"İqtisadi təşəbbüsləri dəstəkləməklə islahatların effektivliyinin artırılması əsas məqsədlərdən biridir" FOTO


Digərləri 28 Okt 2017 18:43:00 323 0

"İqtisadi təşəbbüsləri dəstəkləməklə islahatların effektivliyinin artırılması əsas məqsədlərdən biridir"  FOTO

Regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, bələdiyyəyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılması regional müzakirələrin keçirilməsində əsas məqsədlərdən biridir.

Son.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov İsmayıllıda "Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən regional ictimai müzakirədə çıxışında deyib.

E.Mikayılov qeyd edib ki, regionlarda belə müşavirələrin təşkil olunması Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir: "Regional müzakirələrin keçirilməsində əsas məqsəd ölkədə aparılan iqtisadi islahatlar, strateji yol xəritələrinin qəbulu və bu istiqamətdə həyata keçirilən işlər haqqında regionlarda əhalini xüsusilə də sahibkarları məlumatlandırmaq, eyni zamanda sadəcə məlumatlandırmaq yox, iqtisadi islahatların aparılmasında ictimai iştirakçılığı da məhz regionlarda da təmin etməkdən ibarətdi".

E.Mikayılov vurğulayıb: "Xüsusilə də, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, bələdiyyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılması regional müzakirələrin keçirilməsində əsas məqsədlərdən biridir".

İslahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə həyata keçirilən müzakirəyə İsmayıllı, Ağsu, Qobustan və Şamaxıdan 200 nəfərdən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.

İsmayıllı rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov son illər respublikanın ayrı-ayrı rayonlarında sistemli şəkildə aparılan abadlıq quruculuq işləri barədə məlumat verib. O deyib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası, əhalinin rifah halının yaxşılaşması, regionların iqtisadi potensialının tam reallaşdırılması, kənd yerlərinin inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması, iqtisadi və sosial problemlərin həlli üçün mümkün olan bütün qüvvələr səfər edilib. Proses bundan sonra da davam etdiriləcək.


Xəbərə aid fotolar